ELM VƏ TƏHSİL
İkinci “Mobillik qrantı” müsabiqəsinin qalibləri arasında BDU-nun əməkdaşları da olmuşlar
Bakı, 7 avqust (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun xaricdə elmi tədbirlərdə və qısamüddətli təcrübəkeçmədə iştirakı əhatə edən xüsusi layihələrin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2013-cü il üçün 2-ci “Mobillik qrantı” müsabiqəsi (EİF-MOB-2-2013-4(10)) başa çatmışdır.
Bakı Dövlət Universiteti (BDU) mətbuat və informasiya şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, “Mobillik qrantı” müsabiqəsinin qalibləri arasında BDU-nun əməkdaşları da olmuşlar. Belə ki, Fizika-riyaziyyat və texnika elmləri üzrə Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun əməkdaşları Hakim Abbasov, Şahin Məmmədov, eyni zamanda, Biologiya, tibb və aqrar elmləri üzrə Biologiya fakültəsinin əməkdaşı Günay Əkbərova, Kimya elmləri üzrə isə Kimya fakültəsindən Elnur Hüseynov qalib adını qazanmışlar.
Qrantın şərtlərinə uyğun olaraq, qaliblər Rusiyada, İtaliyada, Türkiyədə olacaqlar.