SİYASƏT
İ.Korotçenko: Kreml indi Cənubi Qafqaz regionunda baş verən bütün hadisələrə “erməni eynəyi” ilə baxmayacaq
Moskva, 31 avqust, AZƏRTAC
Fransa, ABŞ, Aİ, Hindistan, İran Ermənistanın yerinə problemləri həll etməyəcək, yalnız ondan istifadə edəcəklər.
AZƏRTAC xəbər verir ki, bu barədə özünün bloqunda hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko yazıb.
Ekspert Ermənistan XİN-in rəsmi nümayəndəsinin Rusiyanın ünvanına səsləndirdiyi şərhləri “tam kobudluq” adlandırıb. O yazıb: “İrəvanı narahat edən odur ki, Kreml Rusiya Federasiyasının maraqlarına zidd olaraq, Ermənistan üçün özünü oda atmaq istəmir. Rusiyaya dişlərini qıcamaq Nikol Paşinyan və onun komandasının ölümcül səhvidir. Axı heç bir Fransa, ABŞ, Aİ, Hindistan, İran Ermənistanın yerinə problemləri həll etməyəcək, yalnız ondan istifadə edəcəklər”.
İ.Korotçenko vurğulayıb ki, bundan sonra Rusiya ilə Ermənistanın münasibətləri sağlam praqmatizm əsasında qurulacaq: “Rusiya Federasiyasının tarixən kiməsə və nədəsə borclu olması ilə bağlı illüziyalar olmayacaq. Ermənistan yalnız Moskvanın diplomatik münasibətlər saxladığı yüzdən çox ölkədən biridir... Kreml indi Cənubi Qafqaz regionunda baş verən bütün hadisələrə “əzabkeş xalqın” çoxsaylı lobbiçilərinin cidd-cəhdlə onun gözlərinə taxmağa çalışdığı “erməni eynəyi” ilə baxmayacaq. Ermənistan suveren dövlətdir və onun öz milli maraqları var. Lakin Rusiyanın özünün də məhz belə dəqiq milli maraqları var və biz onları qurban verməməliyik və verməyəcəyik”.
Ekspertin fikrincə, Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlməsinin nəticəsi olaraq, bu gün Moskva ilə İrəvan arasında münasibətlər ciddi şəkildə pisləşib. Bu, birbaşa erməni maraqlarına xidmət edən müxtəlif rusiyalı lobbiçilərin həmin istiqamətdə səmərəsiz fəaliyyətinin nəticəsidir. İ.Korotçenko hesab edir ki, onlar çoxsaylı “beyin mərkəzləri” və “klublar” yaratmaqla, “nəticə” qismində dəbdəbəli banketlərlə tennis turnirləri keçirir və İspaniyada yaraşıqlı evlər əldə ediblər. “Kremldəki nüfuzlu “qüllələrdən” birinin rəyi belədir”, deyə ekspert əlavə edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva