ELM VƏ TƏHSİL
İlahiyyat İnstitutunda “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı olub
Bakı, 24 oktyabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən rektor Ceyhun Məmmədov gənclərə tövsiyələrini verib, onları ölkədə həyata keçirilən könüllülük fəaliyyətində aktiv olmağa, ölkəmizin inkişafı üçün səylə çalışmağa, yerli və beynəlxalq tədbirlərdə Azərbaycanı layiqincə təmsil etməyə çağırıb. O qeyd edib ki, bu layihə gənclərin fərdi inkişafına, müxtəlif sahələrdə təcrübə qazanmasına, bilik və bacarıqlarını artırmasına, aktiv tələbə həyatı yaşamalarına şərait yaradır.
Ceyhun Məmmədov daha sonra ölkəmizdə könüllülük fəaliyyətinin inkişaf etdiyini, könüllülərin sayının getdikcə artdığını da vurğulayıb.
Daha sonra “Bir” Tələbə-Könüllü Proqramının yaranması haqqında ətraflı məlumat verən layihə rəhbəri Canoğlan İlyasov tələbələrin inkişaf etməsi və təcrübə qazanması üçün Təhsil Nazirliyinin bu ideyanı irəli sürdüyünü bildirib. Canoğlan İlyasov proqramın yaranması, fəaliyyəti, məqsədi, üstünlükləri və gənclər üçün yaratdığı imkanlar haqqında geniş məlumat verib. O, proqramın könüllülük fəaliyyətinin sistemləşdirilməsi, könüllülük mədəniyyətinin formalaşdırılması, tələbə-könüllülərin dünyagörüşünün genişləndirilməsi və onların akademik təhsildən ayrılmadan könüllü fəaliyyətə cəlb olunmaqla sosial aktivliyini artırmaq məqsədilə yaradıldığını nəzərə çatdırıb. Qeyd edib ki, tələbə-könüllülər üçün müntəzəm olaraq təlimlər, kurslar, seminarlar, təcrübə və mübadilə proqramları həyata keçirilir. O, könüllü olmağın perspektivindən də bəhs edib, könüllülərin beynəlxalq forumlarda ölkəmizi layiqincə təmsil etdiklərini vurğulayıb.