İlk anadilli dərs vəsaiti yenidən nəşr olunub
Bakı, 2 aprel, AZƏRTAC
Filologiya üzrə fəlsəfə doktoru, dosent Vüqar Qaradağlının tərtibçiliyi ilə yenidən işlənmiş “Vətən dili” dərs vəsaiti ikinci dəfə nəşr olunub.
Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan AZƏRTAC-a bildiriblər ki, Vüqar Qaradağlının müəllifliyi ilə birinci nəşr 2007-ci ilə aiddir. Azərbaycanda ilk anadilli dərs vəsaiti hesab olunan “Vətən dili” iki hissədən ibarətdir. Dərsliyin müəllifləri Azərbaycanın iki görkəmli maarifçisi, pedaqoqu və metodisti - Aleksey Çernyayevski (1840-1894) və Səfərəli bəy Vəlibəyovdur (1856-1902).
A.Çernyayevskinin müəllifi olduğu birinci hissə birinci sinif şagirdləri üçün nəzərdə tutulub. Burada rəsm, yazı nümunələri, əlifba ilə tanışlıq, əski Azərbaycan əlifbasını təşkil edən hərflərin adlarını açıqlayan cədvəllər, söz birləşmələri, qısa cümlələr, kiçik hekayələr, atalar sözləri, tapmacalar və digər folklor nümunələri yer alır. İlk dəfə 1882-ci ildə çap edilmiş birinci hissə ümumilikdə yeddi dəfə nəşr olunub. Bu kitab “Vətən dili”nin 1910-cu ilə aid sonuncu - VII nəşr nüsxəsidir.
A.Çernyayevskinin S.Vəlibəyovla birgə hazırladığı “Vətən dili”nin ikinci hissəsi yalnız bir dəfə - 1888-ci ildə nəşr olunub. Daha geniş həcmli ikinci hissəyə müxtəlif mövzulu ibrətamiz hekayələr, folklor nümunələri, təsərrüfat əşyaları, bitki və heyvanat aləmi, coğrafiya, nəbatat, tikinti və pul haqqında məlumatlar daxildir.
“Vətən dili” dərsliyinin ərsəyə gəlməsində dövrün görkəmli ziyalıları Həsənəli xan Qaradaği, Firudin bəy Köçərli, Rəşid bəy Əfəndiyev kimi maarifçi və pedaqoqların da böyük zəhməti olub.
Birinci nəşri 2007-ci ildə işıq üzü görən “Vətən dili” tədqiqatçıların, ictimaiyyətin böyük marağına səbəb olub, elə həmin il Təhsil Nazirliyi “Vətən dili”ni ümumtəhsil məktəb müəllimləri üçün vəsait kimi tövsiyə edib. İzah və qeydlərində dəqiqləşdirmələrin aparıldığı ikinci nəşr üzə çıxarılmış yeni bir fakta görə daha da dəyərlidir. Belə ki, Əlyazmalar İnstitutunun əməkdaşı Mustafa Əliyev “Vətən dili”nin ikinci hissəsinin yazılacağı barədə A.Çernyayevski ilə S.Vəlibəyov arasında 1886-cı ildə imzalanan müqavilə sənədini aşkar edib.
“Vətən dili” S.S.Axundov, Ü.Hacıbəyli, M.Maqomayev və bir çox görkəmli Azərbaycan ziyalılarının ilk dərsliyi olub.
“Vətən dili” kitabının tərtibçisi V.Qaradağlı, həmçinin mətnin transfoneliterasiyasının, “Ön söz”ün, izahların, 3400-dən artıq haşiyənin, 10000-dən artıq sözdən ibarət tezlik lüğətinin və 40-dək cədvəlin müəllifidir.