İDMAN
İlk Avropa Oyunlarının açılış mərasimi Gürcüstan mətbuatının diqqət mərkəzində
Tbilisi, 13 iyun, AZƏRTAC
Gürcüstanın məşhur “Qruziya online”, “Apsny”, “Sputnik-Georgia” internet portalları “Bakı-2015” ilk Avropa Oyunlarının açılışı, eləcə də Azərbaycanın Batumidəki baş konsulluğunun bu möhtəşəm mərasimlə bağlı təşkil etdiyi tədbir haqqında materiallar yayıb. “Apsny” portalı, həmçinin Avropa Oyunlarının açılışı ilə əlaqədar oxuculara video da təqdim edib.
Materiallarda Azərbaycanın, xüsusən də paytaxt Bakının müasir inkişafı, ilk Avropa Oyunlarının əhəmiyyəti, yarışlarda 50 Avropa ölkəsindən 6 min idmançının 253 medal dəsti uğrunda mübarizə aparması barədə məlumatlar diqqətə çatdırılır. Avropa Oyunlarının açılış mərasimində bir çox ölkələrin dövlət və hökumət başçılarının, o cümlədən Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin və digər yüksək səviyyəli rəsmilərin iştirak etdikləri bildirilir.
Gürcüstanın İctimai Televiziyası (birinci kanal) isə Avropa Oyunlarının açılış mərasimini birbaşa yayımlayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi