SİYASƏT
İlk dəfə Avropa Parlamentinin qəbul etdiyi qətnamədə Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması faktı açıq şəkildə təsdiqlənmişdir
![İlk dəfə Avropa Parlamentinin qəbul etdiyi qətnamədə Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması faktı açıq şəkildə təsdiqlənmişdir](/files/2013/3/1200x630/14071450613786552924_1200x630.jpg)
Bakı, 23 oktyabr (AZƏRTAC). Oktyabrın 23-də Avropa Parlamentinin plenar sessiyasında Avropa Qonşuluq Siyasəti üzrə qətnamə layihəsi qəbul edilmişdir. Qətnamə layihəsinə Azərbaycan üçün böyük maraq kəsb edən düzəliş əlavə edilmişdir.
AZƏRTAC xəbər verir ki, sessiyada qətnamə layihəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 16-cı paraqrafı üzrə məruzəçi Y.Saryuş-Volski aşağıdakı düzəlişi təklif etmiş və həmin düzəliş qəbul edilmişdir: “Şərq tərəfdaşlığına üzv olan bir ölkənin ərazisinin başqa üzv ölkə tərəfindən işğal edilməsi “Şərq tərəfdaşlığı” Proqramının fundamental prinsiplərini və məqsədlərini pozur. Dağlıq Qarabağ münaqişəsinin həlli 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk qrupunun təməl prinsiplərinə və 2009-cu il 10 iyul tarixli Akvil birgə bəyanatına uyğun olmalıdır”.
Qətnamə layihəsinin münaqişə ilə bağlı 23-cü paraqrafının ikinci hissəsi 16-cı paraqrafı təkrarladığı üçün mətndən çıxarılmış, bu paraqraf aşağıdakı kimi qəbul edilmişdir: “Şərq tərəfdaşlığının məqsədlərinə çatmaq üçün vacib olan regional sabitlik və təhlükəsizliyin zəruriliyi bir daha təsdiq edilərək, həmçinin Avropa İttifaqına inteqrasiya kontekstində Gürcüstanda, Azərbaycanda, Ermənistanda və Moldovada ərazi münaqişələrinin həlli istiqamətində irəliləyişə doğru səy göstərilməsi tələb edilir.
Beləliklə, ilk dəfə olaraq Avropa Parlamentinin qəbul etdiyi qətnamədə Dağlıq Qarabağ münaqişəsinin həllində BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə istinad edilir, Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması faktı açıq şəkildə təsdiqlənir.