İnformasiya Texnologiyaları İnstitutu elmi şurasının iclası keçirilmişdir
Bakı, 21 fevral (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu elmi şurasının iclası keçirilmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, iclasda çıxış edən texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev institutun elmi-tədqiqat işləri haqqında məlumat vermiş, analitik informasiya və veb-texnologiyalar problemləri istiqamətində aparılacaq araşdırmalardan söhbət açmışdır.
Alim müxtəlif mühitlərdə toplanmış mətnlərin, sosial şəbəkələrin analizi və idarə edilməsi üçün model və alqoritmlərin işlənilməsi istiqamətlərində elmi-tədqiqat işləri haqqında məlumat vermişdir.
Həmçinin elmi jurnalların və tədqiqatçıların fəaliyyətinin qiymətləndirilməsi üçün indekslərin işlənməsi, antiplagiat sistemlərinin elmi-nəzəri və texnoloji əsaslarının araşdırılması ilə bağlı görüləcək işlərdən danışılmışdır.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun qrantları çərçivəsində həyata keçiriləcək tədbirlər barədə də məlumat verilmişdir. Bildirilmişdir ki, bu il dünyanın “SCOPUS”, “Compendex”, “ACM Digital Library”, “IEEE Xplore”, “DBLP” kimi nüfuzlu elmi bazalarında indeksləşən, həmçinin respublika və digər ölkələrin siyahısında olan jurnallarda elmi məqalələrin nəşri nəzərdə tutulmuşdur. Cari ildə institutun İtaliya və Malayziyanın müvafiq qurumları ilə elmi sahədə əlaqələrinin qurulacağı da bildirilmişdir.
Sonda məruzə ətrafında müzakirələr aparılmışdır.