İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasında bir sıra mühüm məsələlər müzakirə olunub
Bakı, 29 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib.
İclasda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev gündəlikdə duran məsələləri diqqətə çatdırıb, 2023-cü il ərzində institut əməkdaşlarına verilmiş tapşırıqların icra vəziyyəti və digər məsələlər ətrafında müzakirələrin aparılacağını bildirib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Qeyd olunub ki, iclasda Sənədlərlə iş şöbəsinin müdiri Dinara Zeynalova 2023-cü ilin yanvar-sentyabr ayları üçün əməkdaşlara verilmiş tapşırıqların icra vəziyyəti haqqında məlumat verib. O, tapşırıqlara əsasən, şöbələrdə müxtəlif problemlərə həsr olunmuş onlayn elmi seminarların təşkili, elmi tədqiqatların nəticələrinə dair məqalələrin hazırlanması, beynəlxalq və respublika səviyyəli elmi jurnallara və elmi-praktik konfranslara məqalələrin təqdim olunması və nəşri, aparılan araşdırmalarla bağlı icmalların hazırlanması, institutun doktorant və dissertantlarının dissertasiya işlərinin icra vəziyyəti və digər tapşırıqların yerinə yetirilməsi ilə bağlı məsələlərdən bəhs edib.
Daha sonra akademik Rasim Əliquliyev institut əməkdaşlarına müvafiq tapşırıqlar üzrə tövsiyələrini verib. Dünya elminin müasir çağırışları və dövlət başçısının Azərbaycan elminin inkişafına xidmət edən sərəncamlarından irəli gələn vəzifələri rəhbər tutaraq, hər bir tədqiqatçını öz fəaliyyətini yenidən nəzərdən keçirməyə, qarşısında duran vəzifələri məsuliyyətlə icra etməyə və aktual problemlərə həsr olunmuş elmi araşdırmalarını daha da dərinləşdirməyə çağırıb.
R.Əliquliyev institutun daxili potensialının daha səmərəli idarə olunması və yüksəkixtisaslı kadrların yetişdirilməsinin vacibliyindən danışıb. Akademik bu prosesdə hər bir əməkdaşın, xüsusilə şöbə müdirləri və digər məsul şəxslərin fəallıq nümayiş etdirməsinin zəruriliyini vurğulayıb.
Elmi şuranın iclasında, həmçinin struktur bölmələrinin 2023-cü il üçün illik hesabatlarının keçirilməsi, institutun magistraturasında təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi, cari ildə institutun doktorantura və dissertanturasına qəbulun nəticələri, bəzi əməkdaşların yeni vəzifələrə tövsiyə edilməsi və digər məsələlərə dair müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.