SİYASƏT
İqtisadi Əməkdaşlıq Təşkilatı baş katibinin müavini Altaf Asghar: Azərbaycan Prezident İlham Əliyev tərəfindən müdrikliklə idarə olunan gözəl ölkə, qüdrətli dövlətdir
Tehran, 25 noyabr (AZƏRTAC). Mən Azərbaycanda bir neçə dəfə olmuşam. Azərbaycan xalqı yüksək mədəniyyəti və qonaqpərvərliyi ilə tanınır. Azərbaycan Prezident İlham Əliyev tərəfindən müdrikliklə idarə olunan gözəl ölkə, qüdrətli bir dövlətdir. Prezident İlham Əliyev inkişaf hədəflərini dəqiq seçən dövlət başçısıdır. Məhz bunun nəticəsidir ki, Azərbaycanda ayrı-ayrı inkişaf istiqamətləri bir-birini tamamlayır.
Bu sözləri İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) baş katibinin müavini Altaf Asghar AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində söyləmişdir.
Altaf Asghar bildirmişdir ki, Azərbaycan xalqı azad və firavan yaşamağa layiq olduğunu gözəl xüsusiyyətləri - qonaqpərvərliyi, yüksək intellekti və sülhsevərliyi ilə qazanmışdır.
Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu layihəsi ilə bağlı sualı cavablandıran baş katibin müavini demişdir ki,
bu xətt Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə böyük nüfuz qazandıracaqdır. İƏT bu layihənin reallaşması üçün təşəbbüsü ələ almış və real təkliflərlə müzakirələrdə canlanma yaratmışdır. Əlbəttə ki, bu layihə nəzəri baxımdan neçə illərdir ki, müzakirə mövzusudur. Lakin İƏT-in təşəbbüskarlığı ilə bu layihədə maraqlı olan tərəfləri daha da yaxınlaşdıra bilmişik. Finlandiya, Türkmənistan, Özbəkistan və Qırğızıstanın Tehrandakı diplomatlarının dəmir yolu layihəsi üzrə işçi qrupunun bir neçə gün əvvəl keçirilmiş II iclasında iştirak etmələri deməyə əsas verir ki, İƏT olaraq layihəyə maraq dairəsini genişləndirə bilmişik. İşçi qrupu Azərbaycan ilə İran arasında dəmir yolunun qurulması üçün konkret qərar qəbul etmişdir. Şübhə etmirəm ki, növbəti iki ayda bu istiqamətdə daha maraqlı və əhəmiyyətli qərarlar qəbul olunacaqdır. Bu layihə Azərbaycanı dəmir yolu ilə Ərəbistan yarımadasına, Asiyanın böyük bir hissəsinə, hətta Uzaq Şərqə qədər çıxara biləcəkdir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran