İQTİSADİYYAT
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu ilə Macarıstan Elmlər Akademiyasının Dünya İqtisadiyyatı İnstitutu arasında Anlaşma Memorandumu imzalanmışdır
Bakı, 24 dekabr (AZƏRTAC). İqtisadi İnkişaf Nazirliyində (İİN) Macarıstan Elmlər Akademiyasının Dünya İqtisadiyyatı İnstitutunun (MEADİİ) direktoru, professor Andras İnotailla ilə görüş keçirilmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir müavini Sevinc Həsənova Azərbaycanda həyata keçirilən islahatlar, əldə edilən iqtisadi uğurlar barədə ətraflı məlumat vermiş, ölkəmizin Macarıstan ilə əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu vurğulamışdır.
Professor Andras İnotailla Azərbaycanın iqtisadi uğurlarından məmnunluğunu ifadə etmiş, birgə elmi-tədqiqatların və layihələrin həyata keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirmişdir.
Görüş çərçivəsində İİN-in İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu ilə MEADİİ arasında Anlaşma Memorandumu imzalanmışdır.
Sənəddə elmi-tədqiqat sahəsində əməkdaşlıq, birgə layihələrin hazırlanması, bu sahədə müxtəlif elmi-praktiki tədbirlərin, seminar və “dəyirmi masa”ların təşkil edilməsi məsələləri öz əksini tapmışdır.