İqtisadi islahatlar sistemli şəkildə davam etdirilir
Bakı, 1 may, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı işçi qruplarının iclasları keçirilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, müzakirələrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə biznesə başlama, tikintilərə icazələr, kreditlərin əldə olunması, elektrik şəbəkəsinə qoşulma, investorların hüquqlarının müdafiəsi, elektron məhkəmə, onlayn vahid ixrac ərizəsi və əmlakın qeydiyyatı kimi sahələrdə dərin islahatların aparılması qeyd olunub.
Qeyd edək ki, bu işçi qruplar Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı əsasında yaradılıb. Sərəncamın icrası məqsədilə Tədbirlər Planı da qəbul edilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində sahibkarlar üçün keçirilən görüşlər, “İslahatlar İcmalı”nın xüsusi buraxılışlarının dərc edilməsi zamanı aparılan maarifləndirmə işlərində iqtisadi islahatlar geniş təbliğ edilib. Müzakirələr zamanı tədbir iştirakçılarına video və audio materiallar, broşürlər təqdim edilib, həmçinin media və sosial şəbəkələrdə yayımlanan videoçarxlar nümayiş olunub.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzun müddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.