DÜNYA
İranda koronavirusa yoluxma hallarında azalma müşahidə olunur
![İranda koronavirusa yoluxma hallarında azalma müşahidə olunur](/files/2022/1/1200x630/16462210553668932843_1200x630.jpg)
Tehran, 2 mart, AZƏRTAC
İranda koronavirusa yoluxma halları tədricən azalmaqdadır. Lakin xəstəxanaların reanimasiya şöbələrində ağır vəziyyətdə yatan xəstələr arasında ölüm halları artır.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın koronavirusa qarşı milli mübarizə qərargahının üzvü, doktor Məsud Mərdani jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, COVID-19-un “omikron” ştamına yoluxanların çoxu xəstəxanalara müraciət etmir. Bu isə onunla izah olunur ki, “omikrona” yoluxanlar bunu sadəcə olaraq soyuqdəymə hesab edir və ev şəraitində müalicə olunaraq sağalırlar. Lakin həmin xəstələr mütləq ailə üzvlərindən təcrid olunmalıdırlar ki, onları virusa yoluxdurmasınlar.
İranın Səhiyyə Nazirliyinin açıqlamasına əsasən bu gün (2 mart) ölkə ərazisində 6 min 234 nəfərin koronavirusa yoluxması, 203 nəfərin isə bu xəstəlikdən həyatını itirməsi faktı qeydə alınıb. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 7 milyon 66 min 975 nəfərə, ölənlərin ümumi sayı isə 137 min 267-ə çatıb. Bu günə kimi müxtəlif xəstəxanalarda müalicə alan 6 milyon 678 min 78 xəstə sağalaraq evə buraxılıb. Tehran da daxil olmaqla digər şəhərlərin xəstəxanalarının reanimasiya şöbələrində müalicə alan 4 min 66 xəstənin vəziyyəti ağır olaraq qalır.
Hazırda İranın 184 şəhəri qırmızı zonaya daxildir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran