SİYASƏT
İraq dövləti və xalqı qardaş və dost Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır
Bakı, 24 dekabr (AZƏRTAC). Azərbaycanda səfərdə olan İraq Respublikasının xarici işlər naziri Hoşyar Zebari dekabrın 24-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşdür.
O.Əsədov demişdir ki, Azərbaycan ilə İraq arasındakı dostluq münasibətlərinin qədim tarixi kökləri vardır. Əminik ki, sizin bu səfəriniz əlaqələrimizin inkişafına yeni təkan verəcəkdir.
Dövlətlər və xalqlar arasında əməkdaşlığın genişlənməsində qanunverici orqanların rolunu xüsusi qeyd edən O.Əsədov demişdir ki, Milli Məclisdə Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrup yaradılmışdır. Azərbaycan Parlamenti əlaqələrimizin hərtərəfli inkişafını dəstəkləyir. Bizim iş adamlarımız da İraq iqtisadiyyatının dirçəlməsinə yardım göstərməyə hazırdırlar.
Milli Məclisin sədri Azərbaycanın dinamik inkişafı, beynəlxalq münasibətlərdəki yeri və rolu, Dağlıq Qarabağ münaqişəsi barədə qonağa ətraflı məlumat vermişdir. İraqın bu məsələdə Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsini yüksək dəyərləndirmişdir.
O.Əsədov Azərbaycanın BMT TŞ-na qeyri-daimi üzv seçilməsi zamanı göstərdiyi dəstəyə görə İraq hökumətinə və xalqına minnətdarlığını bildirmişdir.
Sədr demişdir ki, gələn il Azərbaycanın İraqda səfirliyinin açılması planlaşdırılır. Bu, münasibətlərimizin daha da genişlənməsində mühüm addım olacaqdır.
Hoşyar Zebari göstərilən qonaqpərvərliyə və xoş sözlərə görə minnətdarlığını bildirmişdir.
Nazir demişdir ki, İraq dövləti və xalqı qardaş və dost Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır. Səfərin əsas məqsədi bu və digər məsələlər ətrafında fikir mübadiləsi aparmaqdır.
Hoşyar Zebari vurğulamışdır ki, İraq dövləti də iqtisadi cəhətdən inkişaf edir. Amma demokratiya yolunda hələ gəncdir. Bu sahədə Azərbaycanın təcrübəsinə ehtiyac vardır.
Görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı səfərlərin təşkili, iş adamlarının qarşılıqlı sərmayə qoymaq imkanları və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.