İQTİSADİYYAT
İraq enerji sahəsində Azərbaycanın təcrübəsindən istifadə etmək istəyir
Bağdad, 1 iyun, AZƏRTAC
Azərbaycan Respublikasının İraqdakı müvəqqəti işlər vəkili Nəsir Məmmədov bu dövlətin elektrik enerjisi naziri Majid Al-Emar ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, N.Məmmədov Azərbaycanın tarixən dini və mədəni köklərlə bağlı olduğu İraq ilə əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb. İki ölkə arasında mövcud olan münasibətlər haqqında danışan diplomat, Azərbaycanda elektrik enerjisinin istehsalı sahəsində görülən işlər barədə məlumat verib. Uzun müddət erməni işğalında qalan və 44 günlük Vətən müharibəsində azad edilən ərazilərimizdə görülən işləri nəzərə çatdırıb. Qeyd olunub ki, bu ərazilərdə alternativ enerji mənbələrindən geniş istifadə olunacaq.
İraqın elektrik enerjisi naziri nazir Majid Al-Emar ölkəsinin ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və enerji sahəsində Azərbaycanla əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduğunu bildirib.
Qeyd olunub ki, hazırda İraqda elektrik enerjisi sahəsində köklü islahatlar həyata keçirilir və bu sahədə Azərbaycan təcrübəsindən istifadə etmək istəyirlər.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Bağdad