CƏMİYYƏT
“İrəli” İctimai Birliyi gəncləri beynəlxalq layihələrə cəlb edəcəkdir
Bakı, 16 avqust (AZƏRTAC). Avqustun 24-də “İrəli” İctimai Birliyinin (İB) ofisində bu qurumun beynəlxalq əlaqələr mərkəzinin təşkilatçılığı ilə “Activate yourself” layihəsinin icrasına başlanılacaqdır.
“İrəli” İB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Activate yourself” layihəsinin əsas məqsədi gənclərin sosial sahədə fəallığının, beynəlxalq layihələrdə iştirak təcrübələrinin artırılması, eləcə də onların beynəlxalq proqramlar, xüsusilə Avropa İttifaqının “Youth In Action” (Gənclər Fəaliyyətdə) proqramı haqqında məlumatlandırılmasıdır.
Proqramda iki müzakirə panelinin olması nəzərdə tutulur. Bu mövzuda təlimçi təcrübəli mütəxəssis Toğrul Ələkbərdir. O, “Youth In Action” üzrə Azərbaycan nümayəndəsi, həmçinin 10-a yaxın beynəlxalq layihənin müəllifi və təşkilatçısıdır.
Layihədə 20 nəfər gəncin iştirakı nəzərdə tutulur. Layihədəki fəal iştirakı ilə seçilən gənclər sentyabrın 15-dən 23-dək keçirilməsi planlaşdırılan “Start-Change-Develop” Beynəlxalq layihəsində iştirak etmək hüququ qazanacaqlar. Bundan əlavə, layihədə fəal iştirak edən gənclərə “İrəli” İctimai Birliyinin beynəlxalq əlaqələr mərkəzində çalışmaq imkanı veriləcəkdir.
Seçimlərdə “Minimum pre-intermediate” ingilis dili səviyyəsi, beynəlxalq layihə və proqramlara maraqlı olmaq, gələcəkdə bu sahədə işləmək potensialı kimi kriteriyalar əsas götürüləcəkdir.
Layihədə iştirak etmək istəyən şəxslər avqust 20-dək “İrəli” İctimai Birliyinin rəsmi saytına daxil olaraq onlayn ərizə formasını doldurmaqla müraciət edə bilərlər. Layihə iştirakçıları seçim əsasında müəyyən olunacaqdır.