“İrəli” İctimai Birliyinin “Gənclər kuboku: Aprel zəfəri” layihəsi davam edir
Bakı, 18 aprel, AZƏRTAC
“İrəli” İctimai Birliyi və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Gənclər kuboku: Aprel zəfəri” layihəsi davam edir.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.2.2 maddəsində “gənclər arasında fiziki aktivlik səviyyəsinin artırılması, onların, eləcə də valideynlərin, müəllimlərin və gənclərlə işləyən digər şəxslərin sağlam həyat tərzi və fiziki aktivlik sahəsində maarifləndirilməsi, bununla bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi” müddəaları qeyd edilir. İctimai Birlik Dövlət Proqramının alt sənədinə uyğun olaraq “Gənclər kuboku: Aprel zəfəri” layihəsini həyata keçirir. Layihə, eyni zamanda, Azərbaycan Ordusunun hərb tarixinə yazılan şərəfli, qürur tariximiz olan Aprel döyüşlərinə həsr olunub.
“Gənclər kuboku: Aprel Zəfəri” layihəsində əsas məqsəd gənclərə vətənpərvərlik ruhunun aşılanması, vətənə sağlam gənclərin yetişdirilməsinə töhfə vermək, beynəlxalq arenada ölkəmizi təmsil etmək üçün gənclərin yetişdirilməsidir. Həmçinin müxtəlif idman oyunları üzrə komandaların çempionatını keçirərək gənclər arasında sağlam həyat tərzini təbliğ etmək və gənclərin asudə vaxtlarının səmərəli təşkilinə şərait yaratmaq layihənin prioritet məqsədlərindəndir.
Layihə çərçivəsində futbol, voleybol, peyntbol, səmti müəyyənetmə, atıcılıq, velosiped, yüngül atletika idman növləri üzrə yarışlar keçirilir. Artıq futbol, voleybol, peyntbol, velosiped, atletika idman növü üzrə yarışlar start götürüb.
AFFA-nın məşq meydançasında “Gənclər kuboku: Aprel zəfəri” layihəsinin futbol idman növü üzrə 32 komanda arasında 1/16 və 1/8 turunun oyunları keçirilib. Qalib gələn komandalar 1/4 final mərhələsinə yüksəliblər.
Peyntbol idman növü üzrə yarışlar “Ulduz Peyntbol Mərkəzində” baş tutub. 16 komanda arasında aparılan mübarizədə 1/8, 1/4 və yarım final mərhələləri keçirilib, qalib komandalar final oyununa haqq qazanıb.
Velosiped idmanı üzrə yarışın ilkin mərhələsi Velo Parkda keçirilib, 64 gənc arasından 6 iştirakçı final turuna vəsiqə əldə edib.
Atletika idman növü üzrə yarışlar Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının qaçış meydançasında keçirilib və 6 iştirakçı finalda iştirak hüququ qazanıb.
Voleybol yarışları Xəzər Universiteti nəzdində Dünya məktəbində start götürüb, 16 komandanın iştirakı ilə başlayan yarışmada 1/8 və 1/4 final mərhələlərinin qalibləri yarımfinal mərhələsinə yüksəliblər.