SİYASƏT
“İrəli” İctimai Birliyinin təsis edilməsinin 6 illiyinə həsr olunmuş tədbir keçirilmişdir
Bakı, 24 dekabr (AZƏRTAC). Dekabrın 24-də “İrəli” İctimai Birliyinin (İB) təsis edilməsinin 6 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, “İrəli” İB-nin sədri, Milli Məclisin deputatı Ceyhun Osmanlı təşkilatın fəaliyyəti və qarşıda duran vəzifələr barədə danışmış, dövlətin gənclərə diqqət və qayğısından bəhs etmişdir. Bildirmişdir ki, təşkilat 2005-ci il avqustun 26-da yaradılmış “İrəli” Ümumrespublika Gənclər Hərəkatının əsasında meydana gəlmişdir. “İrəli” Ümumrespublika Gənclər Hərəkatı 3 illik fəaliyyəti dövründə sıralarına 6 mindən çox Azərbaycan gəncini toplayaraq ölkənin ən fəal təşkilatlarından birinə çevrilmişdir. Qurumun təsisçiləri 2008-ci il dekabrın 9-da hərəkatın buraxılması barədə qərar qəbul etmiş və dekabrın 24-də “İrəli” İctimai Birliyi yaradılmışdır.
Qeyd edilmişdir ki, “İrəli” gənc peşəkarların fəaliyyəti üzərində qurulmuş və hazırda Azərbaycanın ictimai-siyasi həyatında fəal mövqeyə yüksəlmiş təşkilatdır. Qurum insan kapitalına ardıcıl investisiyanı ən səmərəli və davamlı inkişaf yolu kimi görür. Hazırda 20 min üzvü və 12 təşkilatı özündə birləşdirən “İrəli” gənclər vasitəsilə cəmiyyətin inkişafına çalışır.
Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov əlamətdar gün münasibətilə “İrəli”nin üzvlərini təbrik etmiş, onların fəaliyyətini yüksək qiymətləndirmiş, dövlətin gənclərə diqqət və qayğısından danışmış, Azərbaycanın cari ili də uğurla başa vurduğunu bildirmişdir.
Prezident Administrasiyasının şöbə müdiri demişdir ki, “İrəli” qısa zaman kəsiyində ölkədə nüfuz qazanmış bir təşkilatdır. Başa çatmaqda olan il Azərbaycan üçün bütün sahələrdə yadda qalan il olacaqdır. Azərbaycan “Eurovision” mahnı müsabiqəsinin qalibi olmuş və ölkəmiz BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Azərbaycan gəncləri Prezident İlham Əliyevin diqqəti və qayğısı ilə əhatə olunmuşlar və ölkəmizin gələcəyi məhz onların əlindədir.
Tədbirdə İB-nin üzvləri və tanınmış müğənnilər konsert proqramı ilə çıxış etmişlər.