İşıqlı ömrün xatirəsi
Bakı, 24 aprel, AZƏRTAC
Akademik Zərifə Əliyeva oftalmologiyanın aktual mövzuları ilə əlaqədar çoxprofilli tədqiqatlar aparıb, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, ölkəmizdə traxoma xəstəliyinə qarşı aparılan mübarizədə böyük əmək sərf edib. Təsadüfi deyil ki, o, gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki orijinal işlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülən ilk qadın olub. Onun mənalı ömür yolu mənəvi kamillik və əsl insanlıq məktəbidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Xətai rayonundakı 171 nömrəli orta məktəbdə görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunan tədbirdə danışılıb.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Jalə Abdiyeva akademik Zərifə Əliyevanın keçdiyi şərəfli həyat yolundan, Azərbaycan və dünya oftalmologiya elminə verdiyi böyük töhfələr barədə ətraflı bəhs edib.
Rayondakı 9 nömrəli uşaq poliklinikasının baş həkimi Aidə Hüseynzadə və digər çıxış edənlər bildiriblər ki, Zərifə Əliyeva dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradaraq elmdə yeni bir istiqamətin -"peşə oftalmologiyası"nın əsasını qoyub. O, oftalmologiya sahəsində görkəmli alim olmaqla yanaşı, həm də xalqımıza məxsus ən ülvi dəyərləri özündə yaşadan ziyalı xanım, şəfalı əlləri ilə gözlərə işıq bəxş edən xeyirxah peşə sahibi idi.
Tədbirin sonunda məktəblilərin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.