“İslahatlar İcmalı”nın xüsusi buraxılışı tikintiyə dair islahatlara həsr olunub
Bakı, 4 fevral, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İslahatlar İcmalı”nın xüsusi buraxılışı Prezident İlham Əliyevin Fərmanı ilə tikintiyə icazə verilməsi üzrə vahid yanaşma prinsipinin formalaşdırılması ilə səmərəliliyin və şəffaflığın artırılması istiqamətində görülən işlərə həsr edilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, ölkə başçısının “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsi Qaydası” ilə bağlı 2018-ci il 28 dekabr tarixində imzaladığı Fərmana əsasən, tikintiyə və tikinti obyektinin istismarına icazə ödənişsiz şəkildə aparılır, tikintiyə icazə alınması istiqamətində bütün aidiyyəti qurumlardan rəylər və texniki şərtlərin alınması tam olaraq sahibkarın iştirakı olmadan elektron qaydada həyata keçirilir. Eyni zamanda, tikintiyə və istismara icazənin əldə olunması üzrə tələb olunan prosedurların sayı 18-dən 7-yə və günlərin sayı isə 116 gündən 38 günə azaldılmaqla, sahibkarlar üçün daha operativ, şəffaf və səmərəli mühit formalaşdırılır.
Bütün yeniliklərin xüsusi infoqrafik təsvirlərlə təqdim edildiyi “İslahat icmalı”nın xüsusi buraxılışı ilə “www.iqtisadiislahat.org” saytının islahat icmalı bölümündən tanış olmaq mümkündür.