SİYASƏT
İSLAMABAD NÜVƏ PROQRAMINI MƏHDUDLAŞDIRMAQ FİKRİNDƏ DEYİLDİR
Prezident Pərviz Müşərrəf strateji qüvvələrə nəzarət və onlardan istifadə məsələlərinə baxan Milli Komandanlıq İdarəsinin müşavirəsində çıxış edərək bildirmişdir ki, Pakistan öz nüvə proqramını məhdudlaşdırmağı planlaşdırmır və onu keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətindədir.
Prezident Pakistanla İranın guya nüvə sahəsində əməkdaşlıq etdikləri barədə ittihamların əsassız olduğunu söyləyərək demişdir ki, “İslamabad nüvə texnologiyaları və silahlarının yayılmamasına dair götürdüyü öhdəlikləri ciddi şəkildə yerinə yetirir”.
P.Müşərrəf bir daha bəyan etmişdir ki, “Pakistan Hindistanla və ya hər hansı digər ölkə ilə sürətlə silahlanma yarışına girməyə can atmır, lakin çəkindirmənin minimum zəruri səviyyəsinin təmin olunması üçün mümkün işləri görəcəkdir”.
Bu müşavirə Nyu-Dehlidə keçirilmiş oxşar tədbirdən iki gün sonra çağırılmışdır. Orada “Hindistanın nüvə proqramının gerçəkləşdirilməsi sahəsində səyləri birləşdirmək” haqqında qərar qəbul edilmişdir.