İslamabadda “Uşaqların müdafiəsində cəmiyyətin rolu və məsuliyyəti” mövzusunda seminar keçirilib
İslamabad, 1 may, AZƏRTAC
Pakistan-Azərbaycan Məzunlar Assosiasiyasının (PAMA) və Şəhid Zülfiqar Əli Bhutto adına Elm və Texnologiya İnstitutunun (ETİ) birgə təşkilatçılığı ilə İslamabad şəhərində təşkil olunan seminarda uşaqların hüquq və mənafeyinin qorunmasında cəmiyyətin rolu və məsuliyyəti müzakirə olunub. Tədbirdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və digər bu kimi problemlərin uşaqların psixikasına vurduğu fəsadlara toxunulub.
PAMA-nın həmtəsisçisi Qeysər Nəvab Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində, həmçinin Kəşmir, eləcə də digər oxşar münaqişələr səbəbindən 10 minlərlə uşağın evsiz-eşiksiz qaldığını, ailəsini itirdiyini, əsir düşdüyünü vurğulayıb. O, həmçinin uşaqları müdafiə etmək üçün sistemli yanaşmanın labüd olduğunu, bu məqsədlə hökumətlərin, ailələrin, akademik dairələrin, biznes sektorunun, qeyri-hökumət təşkilatlarının əlaqələndirilmiş fəaliyyətinin müsbət nəticələr doğuracağını söyləyib.
Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə uşaqların cəmiyyətin ən həssas təbəqəsi olduğunu bildirib, hər bir uşağın təhlükəsiz və qayğı içində, zorakılıq və təhqirdən uzaq yaşamaq hüququ olduğunu vurğulayıb. Uşaqların müdafiəsində dövlətlərin və cəmiyyətlərin rolunu və məsuliyyətini vurğulayan səfir ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsinin Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə tənzimləndiyini diqqətə çatdırıb. “Azərbaycan Hökuməti bütün uşaqların hüquqlarının tam təmini, o cümlədən valideynini itirmiş, əlil, qüsurlu, qayğıya ehtiyacı olan, həmçinin xüsusi istedadlı uşaqların, yeniyetmələrin müdafiəsi sahəsində əməli addımlar atıb”, - deyə səfir bildirib.
Səfir qeyd edib ki, Azərbaycan uşaqların müdafiəsi sahəsində bir sıra beynəlxalq təşkilatlarla, xüsusən də UNICEF ilə əməkdaşlıq edir. Bir çox beynəlxalq təşkilatlar qəbul edirlər ki, Azərbaycan uşaqların parlaq gələcəyini təmin etmək üçün məqsədyönlü dövlət siyasəti yeridir.
Ə.Əlizadə çıxışında gender bərabərliyi, uşaqların təhsili, onlar üçün tibbi xidmətlər, uşaq əməyindən istifadənin qarşısının alınması, müasir rəqəmsal avadanlıqlardan istifadə olunmasında uşaqların zərərlərdən qorunması, uşaqlardan hərbi münaqişələrdə istifadə edilməsinə qarşı mübarizə və s. mövzulara da toxunub. O deyib: “Bizim ölkəmizdə də uşaqların həssas bir qrupu var ki, bunlar Azərbaycana qarşı erməni təcavüzünün qurbanı olan qaçqın və məcburi köçkün uşaqlarıdır. Hazırda ərazilərimizin 20 faizi Ermənistanın işğalı altındadır və ölkəmizdə bir milyondan çox qaçqın və məcburi köçkün yaşayır ki, bunların da 40 faizini uşaqlar təşkil edir. Azərbaycan Hökuməti beynəlxalq təşkilatların da dəstəyi ilə həssas uşaqların müdafiəsi istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirir. Valideyn himayəsindən məhrum olmuş uşaqlar dövlət tərəfindən xüsusi olaraq müdafiə edilir”.
Sonda səfir bildirib ki, bizim məqsədimiz uşaqlarımızı təhlükəsiz, sağlam, ağıllı, təhsilli, vətənpərvər və bütün hüquqları müdafiə olunan halda görməkdir və bütün bunlara nail olmaq üçün kollektiv şəkildə səy göstərməliyik.
Şəhid Zülfiqar Əli Bhutto adına ETİ-nin İslamabad filialının rəhbəri Xusro Pərviz Xan və digər çıxışçılar da uşaqların hüquq və mənafeyinin qorunmasına, müdafiəsinə diqqəti daha da artırmağa çağırıb, Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasətin təqdirəlayiq olduğunu bildiriblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
İslamabad