MƏDƏNİYYƏT
İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə ekskursiyadan şən əhval-ruhiyyə ilə
Ağcabədi, 22 avqust (AZƏRTAC, Tahir Ağaməmmədov). “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində dörd gün müddətində İsmayıllı-Qəbələ-Şəki marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak edən ağcabədili şagirdlər avqustun 22-də rayona qayıtdılar.
AZƏRTAC xəbər verir ki, tur-aksiyanın iştirakçılarını rayonun rəhbərləri, müəllimlər və valideynlər qarşıladılar.
Qrupun rəhbəri, Ağcabədi şəhər 8 nömrəli tam orta məktəbinin müəllimi Ramil Ağayev AZƏRTAC-a müsahibəsində tur-aksiya haqqında məlumat verərək dedi: “Dörd günlük səfər olduqca maraqlı və yaddaqalan oldu. Şagirdlər aksiyanın birinci günündə İsmayıllı rayonunun Lahıc qəsəbəsinə gəldilər. Burada onlara qəsəbənin coğrafi mövqeyi, tarixi, insanların məşğuliyyəti, qədim və orta əsr memarlıq abidələri barədə geniş məlumat verildi.
Avqustun 20-də Qəbələnin tarixi abidələri, istirahət mərkəzləri, müasir turizm infrastrukturu, bölgənin füsunkar təbiəti ilə, eləcə də son illər inşa edilən istehsal müəssisələri və sosial obyektlərlə tanış olduq. “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi, Heydər Əliyev Mərkəzi, “Beltmann” piano fabriki, tarix-diyarşünaslıq muzeyi, Nic qəsəbəsinə səyahət, Çuxur Qəbələ kəndində qədim Qəbələ şəhərinin xarabalıqları və ərazidə aparılan arxeoloji qazıntılar şagirdlərin marağına səbəb oldu.
Avqustun 21-də qədim Şəki şəhərinə ekskursiya etdik. “Yuxarıbaş” Tarix və Memarlıq Qoruğunun ərazisində yerləşən Şəki Tarix-Diyarşünaslıq Muzeyi, Narınqala, Şəki xanlarının sarayı, “Sənətkarlar evi”, həmçinin XVIII əsrin sonu-XIX əsrin əvvəllərində inşa edilən “Yuxarı Karvansaray” mehmanxana kompleksi tur-aksiya iştirakçılarında zəngin təəssürat yaratdı. Şagirdlərimiz rayona şən əhval-ruhiyə ilə qayıtdılar”.
Ağcabədi şəhərindəki 8 nömrəli tam orta məktəbin şagirdi Ceyhun Mamedov səfər təəssüratlarını belə ifadə etdi: “Ekskursiyadan çox razı qaldım. Gəzdiyimiz hər yer, gördüyümüz hər şey mənim üçün maraqlı idi. Qədim abidələr, Lahıc qəsəbəsi, Qəbələnin inkişafı, Şəkinin tarixi yerləri, qonaqpərvər insanları heç vaxt yadımdan çıxmayacaq. Bizə yaratdığı bu şəraitə görə dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.