İsmayıllıda ilk yardıma dair simulyasiya tədbiri keçirilib
Bakı, 12 mart, AZƏRTAC
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Avstriya İnkişaf Agentliyi və Avstriya Qızıl Xaç Cəmiyyətinin dəstəyi ilə 2015-ci ilin dekabrından başlayaraq “Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsinin ikinci mərhələsi yerinə yetirilir.
Cəmiyyətin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, İsmayıllı və Qusar rayonlarında aparılan layihənin əsas məqsədi şəhər və kənd icmalarının yaradılması və onların vasitəsilə fövqəladə hallara hazırlıq və cavabvermə sahəsində potensialın gücləndirilməsi və əhalinin maarifləndirilməsindən ibarətdir.
“Təhlükəsiz və möhkəm icmaların qurulması” layihəsi çərçivəsində növbəti tədbir İsmayıllı rayonunun Tircan kənd orta məktəbində keçirilib. Məktəbdə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə birgə təxliyə, axtarış, xilasetmə və ilk yardıma dair simulyasiya tədbiri keçirilib. Simulyasiya planına uyğun olaraq şagirdlər həyəcan siqnalından sonra məktəb binasından təxliyə edilib, şərti xəsarət alan şagirdlərə ilk yardım və psixoloji dəstək göstərilib.
Təlim zamanı daha çox fəallıq göstərən şagirdlərə hədiyyələr və təşəkkürnamələr təqdim edilib.
Təlim başa çatandan sonra iştirakçılar xatirə şəkli çəkdiriblər.
Rayonun Sumağallı kənd icmasının nümayəndələri ilə də keçirilən görüşdə layihə çərçivəsində görülən işlər haqqında fikir və təcrübə mübadiləsi aparılıb.