İsmayıllıda qısa müddətdə 26 mindən çox sakin pulsuz kütləvi tibbi müayinə kampaniyasından yararlanıb
İsmayıllı, 2 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, respublikamızın hər yerində olduğu kimi, İsmayıllı rayonunda da artıq altıncı ildir əhalinin pulsuz kütləvi tibbi müayinəsi kampaniyası həyata keçirilir.
Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, builki aksiya çərçivəsində rayon üzrə 18 yaşdan yuxarı 62 mindən çox insanın müayinədən keçirilməsi nəzərdə tutulub. Tibbi müayinə rayon mərkəzi xəstəxanasında, mərkəzi poliklinikada, eləcə də həkim və tibb məntəqələrində aparılır. Fevralın 12-dən indiyədək bu humanist aksiyadan 26006 vətəndaş yararlanıb. Müayinədən keçənlərdən 42 nəfər ixtisaslaşmış tibb müəssisələrinə göndərilib, 664 nəfər ambulator, 134 nəfər isə stasionar müalicəyə cəlb olunub. Xəstəliyi daha ağır olan 21 nəfərin üzərində cərrahiyə əməliyyatı aparılıb.
İxtisaslı həkimlərdən ibarət xüsusi səyyar briqada gəlmək imkanı olmayan ahıl və xəstə insanlara evlərində xidmət göstərir.