İsmayıllıda “Şəhidliyə aparan sevgi” kitabının təqdimatı olub
İsmayıllı, 5 aprel, AZƏRTAC
İsmayıllıda jurnalist Lətifə Əliyevanın Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan Maçaxı kənd sakini Mikayıl Vahabzadənin həyat və döyüş yoluna həsr etdiyi “Şəhidliyə aparan sevgi” kitabının təqdimatı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhər mədəniyyət mərkəzində təşkil olunan tədbirdə iştirakçılar əvvəlcə şəhidin həyatı, təhsil illəri və hərbi xidmət dövrünə həsr olunan foto və sənədlərdən ibarət sərgi ilə tanış olublar.
Sonra şəhid Mikayıl Vahabzadəyə həsr olunan film nümayiş edilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bildirib ki, Aprel döyüşləri bizim tarixi qələbəmizdir və həm də böyük qələbəyə gedən yolun başlanğıcıdır. Həmin döyüşlərdə şəhid olan Mikayıl Vahabzadə əbədiyyətə qovuşmaqla valideynlərinə, yaxınlarına, dostlarına baş ucalığı gətirib.
Milli Məclisin deputatı Novruzəli Aslanov çıxışında şəhidin həyat və döyüş yoluna nəzər salıb. Qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi, Mikayıl Vahabzadənin də xatirəsi daim qəlbimizdə yaşayacaq.
Tədbirdə kitabın müəllif Lətifə Əliyeva çıxış edərək kitabın məziyyətləri barədə danışıb və təşkilatçılara təşəkkürünü bildirib.
Kitabın redaktoru Şahməmməd Soltanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Rayon Şöbəsinin rəisi Xamis Bədəlov, ön sözün müəllifi Valeh Salehov və başqaları çıxışlarında şəhidin igidlik və şücaətindən, elinə-obasına gətirdiyi şərəfdən danışıblar, kitabın onun ruhuna dərin hörmət və ehtiramın nümunəsi olduğunu söyləyiblər.
Şəhidin ailəsi adından danışan Afət Vahabova tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.
Sonra şəhidin məzarı ziyarət olunub, xatirəsi ehtiramla yad edilib.