MƏDƏNİYYƏT
İsmayıllının Lahıc qəsəbəsi tur-aksiyanın iştirakçılarını heyran edib
İsmayıllı, 22 avqust (AZƏRTAC). Tərtər və Kürdəmir rayonlarının ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərini təmsil edən hər biri 40 nəfərdən ibarət iki qrup “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində İsmayıllı rayonunun Lahıc qəsəbəsində olub.
AZƏRTAC xəbər verir ki, məktəblilər İsmayıllı rayonunun sənətkarlar məskəni kimi məşhur olan Lahıc qəsəbəsi ilə hərtərəfli tanış olub zəngin bilgilər əldə ediblər.
Məktəblilər XVIII-XIX əsrlərdə misgərlik və silah istehsalı mərkəzi kimi tanınan Lahıcda 30-dan çox sənət növünün inkişafı barədə də məlumatı maraqla qarşılayaraq ayrı-ayrı emalatxanalarda, tarix-diyarşünaslıq muzeyində bu məhsullardan nümunələrə heyranlıqla baxıblar.
Lahıcla tanışlıqdan məmnunluğunu gizlətməyən Tərtər şəhərindəki 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi İlkin Qurbanov AZƏRTAC-a müsahibəsində deyib: “Azərbaycanın qədim yaşayış məskənlərindən olan Lahıcı görmək çoxdankı arzum idi. Gördüklərim məndə dərin təəssürat yaradıb. Biz məktəblilərə bu imkanı yaratdığı üçün Prezidentimiz İlham Əliyevə minnətdaram”.
Qrup rəhbəri, Kürdəmir şəhərindəki 1 nömrəli tam orta məktəbin müəllimi Zahirə Əsgərova isə dövlətimizin başçısının bu təşəbbüsünün yetişməkdə olan nəslin ölkəmizin qədim və orta əsgərlər tarixi, bu günü barədə hərtərəfli bilgilər qazanmaq baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.