DÜNYA
İspaniyada keçirilən parlament seçkilərində “Xalq Partiyası” liderlik edir
Madrid, 27 iyun, AZƏRTAC
İspaniyada keçirilən növbədənkənar parlament seçkilərində Baş nazirin səlahiyyətlərini icra edın Mariano Raxoyun “Xalq Partiyası” mövqelərini möhkəmləndirib. Səslərin 85 faizi hesablandıqdan sonra bu partiya 350 mandatdan 136-nı əldə edib. Lakin bu nəticə Nazirlər Kabinetinin yeni başçısını müstəqil surətdə təsdiqləməyə imkan vermir.
İkinci yerdə 90 mandatla “İspaniya Sosialist İşçi Partiyası” qərarlaşıb. “Podemos” parlamentdə 70, “Ciudadanos” isə 30 yer qazanıb.
“Podemos” partiyasının sədri Pablo İqlesias qələbə münasibəti ilə “Xalq Partiyası”nı təbrik edib. Belə ki, Mariano Raxoyun partiyası dekabr seçkilərinə nisbətən əlavə 13 yer mandata yiyələnə bilib. Əvəzində “Ciudadanos” partiyası 11 yer itirib.
Seçicilər arasında keçirilmiş rəy sorğuları göstərir ki, onlar partiyaların bu dəfə də koalisiya qura bilməyəcəyindən narahatdırlar. Bu isə yenidən ölkə iqtisadiyyatına və ümumilikdə siyasi duruma ziyan vuracaq.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid