SİYASƏT
İSRAİLİN XÜSUSİ XİDMƏT ORQANLARININ RƏHBƏRLƏRİ ƏRƏFATIN ÖLKƏDƏN ÇIXARILMASI HAQQINDA QƏRARI TƏHLÜKƏLİ HESAB EDİRLƏR
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, İsrailin xüsusi xidmət orqanları rəhbərlərinin fikrincə, Fələstin Milli Muxtariyyətinin lideri Yasir Ərəfatın ölkədən çıxarılması haqqında “prinsipial qərar” çox təhlükəlidir və Fələstin-İsrail münaqişəsinin son dərəcə kəskinləşməsinə gətirib çıxara bilər.
İsrailin Ümumi Təhlükəsizliyi Xidmətinin (ŞABAK) başçısı Avi Dixter demişdir ki, Ərəfatın İordan çayının Qərb sahilindəki Rəmallah şəhərindən çıxarılması “Yaxın Şərqdə vəziyyətin kəskin şəkildə gərginləşməsi ilə nəticələnəcəkdir”. Ordu kəşfiyyatının rəisi general Aaron Farkaş isə bildirmişdir ki, Ərəfatın qovulması onun dünyada şöhrətinin artmasına səbəb olacaq və bu, Fələstin liderinin mövqeyini ancaq gücləndirəcəkdir.