MƏDƏNİYYƏT
İstanbulda Azərbaycanın da üzv olduğu İslam Ölkələri Yayımçılığı Tənzimləyicilər Forumu təsis edilmişdir
Ankara, 18 noyabr (AZƏRTAC). Türkiyə Radio-Televiziya Yüksək Qurumunun (RTÜK) təşkilatçılığı ilə İstanbulda Azərbaycanın da üzv olduğu İslam Ölkələri Yayımçılığı Tənzimləyicilər Forumunun (İBRAF) təsis toplantısı keçirilmişdir.
Azərbaycan, İndoneziya, Qətər, Pakistan, Mərakeş, Banqladeş, İran və Səudiyyə Ərəbistanının radio-televiziya şuralarının nümayəndələrinin iştirak etdiyi toplantıda İslam Əməkdaşlığı Təşkilatının (İƏT) media işləri üzrə direktoru İsam Şanti və RTÜK-ün sədri Davud Dursun forumun məqsəd və vəzifələri barədə məlumat vermişlər.
Toplantının yekunlarına dair qəbul olunacaq Bəyannamədə Avropa Tənzimləyici Təşkilatlar Şəbəkəsi (ERPA), Aralıq dənizi Yayımçılıq Şəbəkəsi (MNRA) və Qara dəniz Yayımçılığı Tənzimləyici Forumdan (BRAF) sonra dördüncü regional yayımçılıq forumu rəsmi şəkildə elan olunmuşdur. Azərbaycan, İndoneziya, Qətər, Pakistan, Mərakeş, Banqladeş, İran, Liviya, Misir, Tacikistan, Qırğızıstan və Səudiyyə Ərəbistanı daimi üzv, Şimali Kipr isə müşahidəçi üzv olmuşlar.
İBRAF-ın təsis olunması prosesi 2010-cu ilin aprelində İƏT-in baş katibi Ekmələddin İhsanoğlunun da iştirak etdiyi toplantıdan sonra başlamışdır. Forumun yaradılmasından məqsəd İslam ölkələrinin televiziya və radio qurumları arasında dialoq və əməkdaşlığın genişləndirilməsi, yayım standartlarının inkişafı, üzv ölkələr arasında efir frekanslarının tənzimlənməsidir.
İBRAF-ın növbəti toplantısının Səudiyyə Ərəbistanın Məkkə şəhərində keçirilməsi qərara alınmışdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara