SİYASƏT
Qazaxın dörd kəndinin qaytarılması Prezident İlham Əliyevin Azərbaycan xalqına növbəti hədiyyəsidir ŞƏRH
Bakı, 24 may, AZƏRTAC
Bu il aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılıq əldə olunması nəticəsində Qazaxın dörd kəndi - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı mayın 24-də Azərbaycana qaytarılıb. Göründüyü kimi, anklav olmayan kəndlərin bir güllə atılmadan, qan tökülmədən Azərbaycana qaytarılması Prezident İlham Əliyevin növbəti qələbəsidir. Vətən müharibəsində şanlı Qələbə, 2023-cü ilin sentyabrında suverenliyin tam bərpası, Rusiya sülhməramlıların bölgədən çıxmasından sonra 4 anklav olmayan kəndin qaytarılması Azərbaycan torpaqlarını addım-addım, qarış-qarış geri qaytaran Prezident İlham Əliyevin xalqa növbəti hədiyyəsi və müjdəsidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Nicat İsmayılov söyləyib.
O qeyd edib ki, Prezident İlham Əliyev qeyri-anklav kəndlərin qaytarılması məsələsini 2020-ci ildən qaldırmışdı və bu müddət ərzində mövzu daim gündəlikdə saxlanıldı, bu istiqamətdə ardıcıl iş aparıldı. Əldə olunmuş razılıq delimitasiya istiqamətində atılan ilk addımdır. Delimitasiyanın məhz bu istiqamətdən aparılması Azərbaycanın təkidli tələbi idi. Beləliklə, Azərbaycan Prezidenti xalqına verdiyi növbəti sözünün üstündə durdu və onu uğurla həyata keçirdi. Prezident İlham Əliyev nəyi nə zaman etmək lazım olduğunu çox gözəl bilir.
“Ermənistan tərəfi Qərbə sığınsa da, Fransadan kömək alsa da, Azərbaycanın qarşısında dayana bilmədi. Azərbaycan dövləti haqqı olanı geri qaytardı. Artıq beynəlxalq ictimaiyyət də qəbul edir ki, Azərbaycan Cənubi Qafqazda böyük gücdür və hər zaman sülhün tərəfindədir. Bölgəyə müdaxilə edənlər regionda sülhü istəməyən qüvvələrdir. Onların da cavabı diplomatik yolla layiqincə verilir. Erməni xalqı və dövləti də yaxşı anlayır ki, onlar yalnız Azərbaycanla normal danışıqlar aparmaqla özlərini xilas edə bilərlər”, - deyə N.İsmayılov vurğulayıb.
Azərbaycanın hər zaman sülhdən yana olduğunu diqqətə çatdıran siyasi şərhçi əlavə edib: “Ötən dövrlərdə olduğu kimi, bu gün də bu siyasət davam etdirilir. Azərbaycanın heç bir dövlətin ərazisində gözü yoxdur. Dövlətimizin siyasəti başqa ölkənin ərazi bütövlüyünə qarşı deyil. Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı respublikanın ərazi bütövlüyünü və suverenliyini də layiqincə qoruyur, haqqı olanı geri ala bilir”.