CƏMİYYƏT
İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınmışdır
Bakı, 15 avqust (AZƏRTAC). Penitensiar Xidmətin və 3 saylı istintaq təcridxanasının əməkdaşları həmin müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısını almışlar.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, təcridxanada Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılan Bəhlul Cəbiyev müəssisəyə daxil olan vaxt üzərinə baxış keçirilmişdir.
Baxış zamanı ona məxsus paketin içində olan zavod çörəyinin içərisində gizlədilmiş “Nokia” markalı mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür.
Təcridxanaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılan Səxavət Abışovun da müəssisəyə daxil olarkən üzərinə baxış keçirilmişdir.
Bu zaman onun sağ ayağının corabının alt hissəsində gizlədilmiş mobil telefon aparatı aşkar olunaraq götürülmüşdür.
Faktlar üzrə araşdırmalar aparılır.