İSVEÇ PARLAMENTİNİN VƏ NOBEL QARDAŞLARI AİLƏ SÜLALƏSİNİN NÜMAYƏNDƏ HEYƏTİ SABİRABADDA OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, İsveç parlamentinin və Nobel qardaşları ailə sülaləsinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti aprelin 26-da Sabirabada gəlmişdir.
Nümayəndə heyətinin tərkibinə İsveç parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, AŞPA-nın vitse-prezidenti Qoran Lindblad, Nobel ailə sülaləsinin üzvləri, Nobel qardaşları haqqında əsərlərin müəllifi xanım Brita Asbeinq və isveçli jurnalistlər daxildirlər.
Qonaqları Sabirabada səfərdə Azərbaycanın İsveçdəki səfiri Rafael İbrahimov, İsveçin Azərbaycandakı səfiri Hans Qunner Aden müşayiət etmişlər.
Nümayəndə heyətinin üzvləri əvvəlcə Sabirabadda qaçqın və məcburi köçkünlərin ləğv edilmiş Qalaqayın çadır düşərgəsinə baş çəkmişlər. Qonaqlara məlumat verilmişdir ki, uzun müddət bu çadır düşərgəsində məskunlaşmış 10 min nəfərə yaxın məcburi köçkün Biləsuvar və Füzuli rayonlarında yeni salınan abad qəsəbələrə köçürülmüşdür.
Qonaqlar sonra Şəhriyar adına fin qəsəbəsində məskunlaşmış məcburi köçkünlərlə də görüşmüşlər. Qəsəbə ağsaqqalları bildirmişlər ki, erməni işğalı altında qalan ata-baba yurdlarına dönəcəkləri günü səbirsizliklə gözləyirlər, qəti əmindirlər ki, Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində göstərdiyi səylər onları tezliklə öz arzularına qovuşduracaqdır.
Daha sonra isveçli qonaqlar 161 zəngilanlı məcburi köçkün ailəsinin yığcam yaşadığı Rüstəmli qəsəbəsinə də baş çəkmişlər. Qəsəbədə yaradılmış şərait və sosial infrastruktur onları razı salmışdır.
Azərbaycanın İsveçdəki səfiri Rafael İbrahimov AZƏRTAC-ın müxbirinə demişdir ki, Azərbaycan ilə İsveç arasındakı əlaqələrin qədim tarixi vardır. Nobel qardaşlarının ötən əsrin əvvəllərində ölkəmizdəki fəaliyyəti bu əlaqələrin inkişafında mühüm rol oynamışdır. Aprelin 25-də Bakıda Nobel qardaşları iqamətgahının - “Villa Petrolea”nın əsaslı təmirdən sonra istifadəyə verilməsi Azərbaycan-İsveç əlaqələrinin inkişafında yeni mərhələnin təməlini qoymuşdur. Bakının bu məşhur binasının yenidən əsaslı təmir edilməsi, burada Nobel Qardaşları Muzeyinin, beynəlxalq biznes mərkəzinin, Bakı Nobel Neft Klubunun yaradılması Nobel qardaşları ailə sülaləsinin açılış mərasimində iştirak edən üzvləri tərəfindən yüksək qiymətləndirilmişdir.
Azərbaycana isveçli jurnalistlər də gəlmişlər. Onlar səfər çərçivəsində ölkəmizdə topladıqları məlumatlar, məcburi köçkün qəsəbələrində lentə aldıqları süjetlər əsasında audio-video reportajlar və məqalələr hazırlayıb yerli KİV-lərdə yayacaqlar.