SİYASƏT
İsveçrənin çox nüfuzlu “Le Matin” qəzetinin 27 fevral tarixli nömrəsində “Tarix unutmayacaq:Azərbaycan Xocalı soyqırımının 10-cu ildönümünü yad edir” sərlövhəli məqalə dərc olunmuşdur. Məqalənin mətnini oxuculara təqdim edirik.
TARİX UNUTMAYACAQ: AZƏRBAYCAN XALQI XOCALI SOYQIRIMININ 10-CU İLDÖNÜMÜNÜ YAD EDİR
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri keçmiş sovetlər birliyinin 366-cı alayının köməyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərini işğal etmişlər.
Yüzlərlə günahsız Xocalı sakininin qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı törədilmiş ən dəhşətli cinayət hadisələrindən biri idi. Ermənistan silahlı qüvvələri və muzdlu dəstələr Xocalı və ətraf ərazini tərk etməyə macal tapmayanların heç birinə aman vermədilər. Xocalı soyqırımı nəticəsində 613 nəfər qətlə yetirilmiş, 1275 dinc sakin girov götürülmüşdür. 150 nəfərin taleyi isə bu günə qədər müəmmalı qalır. Faciə nəticəsində 487 dinc sakin ağır və ya yüngül dərəcədə xəsarət almışdır. Qətlə yetirilənlər arasında 106 qadın, 83 uşaq və 70 qoca var idi. Yaralananların 76-sı yetkinlik yaşına çatmamış uşaqlar idi. 6 ailənin kökü tam kəsilmiş, 26 uşaq valideynlərinin hər ikisini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. 56 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmiş - diri-diri yandırılmış, dərisi soyulmuş, başı kəsilmiş, gözləri oyulmuş və hamilə qadınların qarın nahiyəsi süngülənmişdir.
XX əsr bir çox qanlı hadisələrin, soyqırım və etnik təmizləmələrin şahidi olmuşdur. Xocalı faciəsi bunların ən dəhşətlisidir.
Azərbaycan Respublikasının Milli Məclisi fevralın 26-nı “Xocalı soyqırımı günü” elan etmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Sərəncamına əsasən hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edir.