İtaliya A Seriyasının 20-ci turuna start verilib
Bakı, 6 yanvar, Nicat Məmmədov, AZƏRTAC
Yanvarın 6-da qış fasiləsindən sonra Futbol üzrə İtaliya A Seriyası davam edir.
AZƏRTAC xəbər verir ki, 20-ci tur çərçivəsində “Milan” öz meydanında əzəli rəqibi “Roma” komandası ilə üz-üzə gəlib.
“San Siro” stadionunda baş tutan gərgin görüşdə hesabı meydan sahibləri açıb.
Matçın 8-ci dəqiqəsində hakimin təyin etdiyi penaltini Olivye Jiru dəqiq yerinə yetirib - 1:0. Qoldan doqquz dəqiqə sonra milanlılar yenidən fərqlənməyə nail olublar. Müdafiəçilərin səhvindən yararlanan Junior Messias hesab arasındakı fərqi iki topa çatdırıb - 2:0.
Birinci hissənin başa çatmasına beş dəqiqə qalmış "Roma" qollardan birinin əvəzini çıxıb. Tommy Abaraham adını tabloya yazdıraraq komandasını məğlubiyyətdən qaçmağa şans yaradıb.
Fasilədən sonra yenidən hücumların kəsərin artıran "Milan" rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb.
Qarşılaşmanın 74-cü dəqiqəsində qonaqlar sayca azlıqda qalıb. İkinci sarı vərəqəsini qazanan Rik Karsdorp meydandan kənarlaşdırılıb.
Bundan yararlanan "Milan" üçüncü dəfə fərqlənib. Meydana yenicə daxil olmuş Rafael Leao oyunda son nöqtəni qoyub - 3:1.
Görüşün əsas vaxtına əlavə olunmuş dəqiqlərdə baş hakim oyunda ikinci dəfə qırmızı vərəqə göstərib. "Roma" klubunun heyətində meydandan Canluka Mançini qovulub. Bu qayda pozuntusuna görə penalti qazanan "Milan" bu dəfə fərqlənə bilməyib. Zlatan İbrahimoviçin zərbəsini "Roma" klubunun qapıçısı Rui Patrisio dəf edib.
Beləliklə, "Milan" vacib qələbə qazanaraq xal ehtiyatını 45-ə çatdıraraq, turnir cədvəlində ikinci pillədə yerin möhkəmlədib. "Roma" isə 32 xalla yeddinci yerdə qərarlaşıb.
Turun ən məhsuldar oyununda Rimdə qeydə alınıb. "Latsio" öz meydanında "Empoli" ilə heç-heçə edib - 3:3. "Kalyari" səfərdə "Sampdoriya"nı, "Verona" isə "Speziya"nı eyni hesabla məğlub edib - 2:1.
“Sassuolo” - “Genoa” oyununda qalib müəyyənləşməyib - 1:1.
Qeyd edək ki, "Bolonya" - "İnter", "Atalanta" - "Torino", "Salernitana" - "Venezia" oyunları koronavirus səbəbindən təxirə salınıb.