İtaliyada Əsas Milli Göstəricilər üzrə İşçi Qrupun XI toplantısı keçirilib
Bakı, 5 aprel, AZƏRTAC
Hesablama Palatasının icmal büdcənin təhlili sektorunun müdiri Zaur Vəliyev INTOSAI-ın (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı) təşkilatçılığı ilə Roma şəhərində Əsas Milli Göstəricilər üzrə İşçi Qrupun XI toplantısında iştirak edib.
Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda İtaliya, ABŞ, Çin, İndoneziya, Braziliya, Səudiyyə Ərəbistanı, Slovakiya, Avstriya, Finlandiya, Bolqarıstan, Qazaxıstan, Rusiya, Belarus Ali Audit Qurumlarının əməkdaşları, həmçinin INTOSAI Peşəkar müraciətlər forumu, INTOSAI İnkişaf Təşəbbüsü (IDI), Almaniya Texniki Əməkdaşlıq Təşkilatının (GIZ) ekspertləri, İtaliya Büdcə ofisinin rəhbəri və Roma Universitetinin akademik heyəti təmsil olunublar.
İclasda Əsas Milli Göstəricilər üzrə ekspert qrupunun 2017-ci ilin aprel ayından 2018-ci ilin mart ayına qədər fəaliyyəti haqqında hesabatı, INTOSAI-ın işçi qrupunun eyni dövrü əhatə edən fəaliyyəti haqqında hesabat, Rusiya Federasiyası Hesablama Palatası tərəfindən hazırlanan Əsas Milli Göstəricilərin və makroiqtisadi göstəricilərin auditi qaydaları, həmçinin üzv dövlətlərdən ABŞ, İtaliya, Avstriya, İndoneziya və Səudiyyə Ərəbistanı ali audit qurumlarının Dayanıqlı İnkişaf Məqsədlərinin fəaliyyət auditi ilə bağlılığı mövzusunda təqdimatları dinlənilib.
Eyni zamanda, INTOSAI-ın İnkişaf Təşəbbüsü (IDI) üzrə eksperti Dayanıqlı İnkişaf Məqsədləri üzrə hesabatlılıq sisteminin qurulmasının zəruriliyi, Almaniya Texniki Əməkdaşlıq Təşkilatı (GIZ) tərəfindən edilən təqdimatda AFROSAI (Ali Audit Qurumlarının Afrika Təşkilatı) ölkələrinin təcrübəsində dövlət maliyyəsinin idarəedilməsi sistemi və bu çərçivədə Əsas Milli Göstəricilərin rolunun əhəmiyyətliliyi və INTOSAI-ın peşəkar müraciətlər forumunun eksperti tərəfindən Dayanıqlı İnkişaf Məqsədləri üzrə təşəbbüsün önəmi vurğulanıb.
İclasın yekunu olaraq Əsas Milli Göstəricilər və Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda aparılan işin davam etdirilməsinin, həmçinin bu işin metodoloji bazasının təkmilləşdirilməsinin zəruriliyi qeyd edilib.