İDMAN
İtaliyalı tamaşaçılar “Bakı-2015”-in açılış mərasimini heyranlıqla izləyiblər
![](/files/galleryphoto/2015/2/1200x630/14341953385199437349_1200x630.jpg)
![](/files/galleryphoto/2015/2/1200x630/14341953381898035986_1200x630.jpg)
Roma, 13 iyun, AZƏRTAC
İtaliyanın “Sky Sport” idman kanalı vasitəsilə bu ölkənin idmansevərləri “Bakı-2015”-in açılış mərasimini canlı izləmək imkanı əldə ediblər.
Yayım zamanı Azərbaycanın İtaliyadakı səfirliyinin əməkdaşı Aytən Abuşova, Azərbaycan və Qafqaz üzrə Gənc İtalyan Tədqiqatçılar Assosiasiyasının prezidenti, professor Daniel Pommier kanalın qonağı olublar. A.Abuşova tədbir zamanı bütün dünyaya təqdim olunmuş elementlər barədə ətraflı məlumat verib. Azərbaycanın tarixindən, mədəniyyətindən, ədəbiyyatından, o cümlədən dahi şair Nizami Gəncəvinin əsərlərindən, Qobustandakı qaya rəsmlərindən danışan səfirliyin əməkdaşı bütün İtaliya ictimaiyyətini ölkəmizin gözəlliklərini kəşf etməyə çağırıb.
Proqramın şərhçisi, A.Abuşova və Daniel Pommier Azərbaycanda Avropa Oyunlarına görülən hazırlıq işləri, ölkədə idmanın inkişafına göstərilən diqqət və qayğı, açılış mərasimində bir sıra ölkələrin prezidentləri, baş nazirləri və digər yüksək vəzifəli şəxslərinin iştirakı və s. məsələlər barədə məlumat veriblər. İtaliyalı tamaşaçılar açılış mərasimini heyranlıqla izləyiblər.
Qeyd edək ki, “Bakı-2015” Avropa Oyunları ilə “Sky Italia” yayım şirkəti arasında imzalanmış sazişə əsasən “Sky Go” və “Sky sport 24” xəbər kanalları yarışları geniş işıqlandırır.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma