DÜNYA
İtmiş təyyarənin axtarış zonası üç dəfəyə yaxın azaldılmışdır
Kuala-Lumpur, 8 aprel (AZƏRTAC). “Malaysia Airlines” şirkətinə məxsus itmiş təyyarənin axtarışları aprelin 8-də Avstraliyanın qərbində, Hind okeanının 77580 kvadratkilometr hissəsində davam etdiriləcəkdir. Bu barədə axtarış qruplarının işini əlaqələndirmə mərkəzindən məlumat verilmişdir. Məlumatda qeyd edilir ki, axtarış zonası üç dəfəyə yaxın azaldılmış, itmiş təyyarənin “qara qutu”sundan ötürüldüyü güman edilən informasiyanın dəqiqləşdirilməsi məqsədilə bütün qüvvələr bir istiqamətdə cəmləşdirilmişdir.
Axtarış əməliyyatlarının davam etdirildiyi yeni sahə Hind okeanında, Avstraliyanın Pert şəhərindən 1700 kilometr məsafədə yerləşir və şimaldan cənuba 500 kilometr uzanır. Avstraliyanın “Ocean Shield” gəmisi bu ərazinin şimalında aprelin 6-da itmiş təyyarənin “qara qutu”larının ötürdüyü güman edilən siqnalları araşdırmaqla məşğuldur. Cənubda isə Britaniyanın “Echo” hidroqrafik və Çinin “Haysyun-1” gəmiləri aprelin 5-də qeydə alınmış siqnalları araşdırır.
Axtarış mərkəzinin rəhbəri Anqus Hyuston Avstraliya dənizçilərinin əldə etdiyi məlumatı “mövcud informasiyaların ən ümidvericisi” adlandırmış, lakin onun tam dəqiqliklə araşdırılmasına ehtiyac olduğunu demişdir.
Aprelin 8-də yeni axtarış zonasında 14 təyyarə və eyni sayda gəmi axtarışları davam etdirir. Həmin ərazidə okeanın dərinliyi 4500 metrə çatır.
Malayziyada isə “Boeing 777-200” təyyarəsinin sərnişinlərinin xatirəsini anma mərasimi keçirilmişdir. Tədbir iştirakçıları yanan şamları təyyarə şəklində düzmüşlər. Bir çoxları itmiş təyyarənin qəzaya uğramasına və sərnişinlərin həlak olmasına hələ də inanmır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala-Lumpur