Şair Yuliya Drunina: Dünyanın işləri yaman dolaşıb
Bakı, 12 may, Aişə Axundova, AZƏRTAC
Sovet şairi Yuliya Druninanın anadan olmasının 100 ili tamam olur.
AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir ki, Moskvada 1924-cü il 10 may tarixində anadan olan Yuliya Drunina uşaqlıqdan ədəbi yaradıcılığa maraq göstərib, şeir yazmağa erkən başlayıb. 1941-ci ildə çox gənc olan Yuliya tibb rotasının tərkibində cəbhəyə yollanıb, yaralıların həyatını xilas edib, çətin döyüş yolu keçib və ağır yaralanıb.
Müharibədən sonra Moskvadakı Ədəbiyyat İnstitutuna daxil olub, SSRİ Yazıçılar Birliyinə qəbul edilib. İstedadlı müəllifin poetik məcmuələri bir-birinin ardınca nəşr olunmağa başlayıb: “Cəbhə küləyi”, “Əsgər şinelində”, “Mən uşaq olmamışam”, “Xəndək ulduzu”, “Zinka”. Yazılarının əsas mövzusu müharibə və müharibədəki qadın olsa da, onun bir çox şeirləri sevgiyə (“Sən yanımdasan və hər şey gözəldir”), doğma diyarın gözəlliyinə, firavan həyata (“Zeytun ağacları altında sülh”). O, əcnəbi yazarların da şeirlərini tərcümə edib, sonra nəsrə müraciət edib.
Yuliya Drunina 60-70-ci illərdə Mərkəzi televiziyada “Kinopanorama” proqramının əvəzsiz aparıcısı olan məşhur dramaturq Aleksey Kaplerlə ailə qurub. Kifayət qədər yetkin yaşda evlənən cütlük bir-birini çox sevib və 20 il birlikdə xoşbəxt ömür sürüb.
Aleksey Kapler 1979-cu ildə vəfat etsə də, Yuliya Vladimirovna sevdiyi insanın itkisi ilə barışa bilməyib.
O, ictimai həyatda fəal iştirak edib, dəfələrlə deputat seçilib, 80-ci illərin sonlarındakı yenidənqurma və aşkarlıq dövründə keçirilən mitinqlərdə çıxış etsə də, ölkədə baş verən dəyişiklikləri qəbul etməyib. O hesab edib ki, bu, idealların və dəyərlərin itirilməsinə gətirib çıxaracaq.
Bütün bu təcrübələr onun səhhətində problemlərin yaranmasına, dərin depressiya yaşamasına və könüllü olaraq həyatdan getmək qərarına səbəb olub.
Yuliya Drunina bəziləri şeir şəklində olmaqla, qohumlarına bir neçə vida məktubu yazaraq, 1991-ci ilin noyabrında həyata vida edib.