SİYASƏT
İxtisaslaşdırılmış kursların dairə seçki komissiyaları üzvlərinin və məntəqə seçki komissiyaları sədrlərinin seçki üzrə hüquqi biliklərinin artırılmasında əhəmiyyətli rolu vardır
Masallı, 7 avqust (AZƏRTAC). Mərkəzi Seçki Komissiyasının (MSK) Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 2006-cı il 28 dekabr tarixli və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 27 dekabr tarixli sərəncamlarının icrası ilə əlaqədar ölkənin regionlarında keçirdiyi seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar avqustun 7-də başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, cənub bölgəsində keçirilən təlim məşğələlərinin sonuncu günündə MSK nümayəndələrinin, rayon polis şöbələri rəislərinin, dairə seçki komissiyalarının (DSK) sədrlərinin seçki hüququ ilə əlaqədar müxtəlif mövzularda məruzələri dinlənilmişdir.
70 saylı Masallı şəhər seçki dairəsi dairə seçki komissiyasının inzibati binasında təşkil olunan kursda rayon prokurorunun köməkçisi Tural Nəbiyev “Seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri”, MSK-nın üzvü Nizami Muradov “Seçki prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələri” mövzularında məruzələrlə çıxış etmişlər.
Həmçinin 70 saylı Masallı şəhər seçki dairəsinin dairə seçki komissiyasının sədri Ayıq Səmədov “Azərbaycan Respublikası Prezidentinin seçkilərinin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi. Bu istiqamətdə məntəqə seçki komissiyalarının fəaliyyətinin təşkili və vəzifələri” mövzusunda seminar keçirmişdir.
Məruzə və çıxışlarda qeyd olunmuşdur ki, Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün möhkəm qanunvericilik bazası yaradılmış, ictimai-siyasi sabitlik təmin edilmişdir.
Bildirilmişdir ki, 70 saylı Masallı şəhər seçki dairəsində 37 min 876 seçicini əhatə edən 42 məntəqə seçki komissiyası fəaliyyət göstərir. Məntəqə seçki komissiyalarında seçkilərin azad, şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılmışdır.
Diqqətə çatdırılmışdır ki, seçkilərin demokratik şəraitdə keçməsi ilk növbədə, seçki məntəqələrində səsvermə prosesinin mövcud təlimatlara uyğun təşkilindən, komissiya üzvlərinin hazırlıq səviyyəsindən asılıdır. MSK-nın təşkil etdiyi ixtisaslaşdırılmış kursların dairə seçki komissiyaları üzvlərinin və məntəqə seçki komissiyaları sədrlərinin seçki üzrə hüquqi biliklərinin artırılmasında əhəmiyyətli rolu vardır.
Avqustun 7-də cənub bölgəsində fəaliyyət göstərən 67 saylı Cəlilabad şəhər, 68 saylı Cəlilabad kənd, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 71 saylı Masallı kənd, 72 saylı Yardımlı-Masallı, 73 saylı Lənkəran şəhər, 74 saylı Lənkəran kənd, 75 saylı Lənkəran-Masallı, 76 saylı Lənkəran-Astara, 77 saylı Astara və 78 saylı Lerik seçki dairələri dairə seçki komissiyalarında keçirilən ixtisaslaşdırılmış kurslarda MSK-nın üzvləri, rayon və şəhər icra hakimiyyətlərinin məsul işçiləri, məhkəmələrin sədrləri, polis idarələrinin rəisləri, prokurorluq işçiləri və dairə seçki komissiyalarının sədrləri seçki hüququna dair müxtəlif məsələlər barədə çıxış etmiş, dairə seçki komissiyalarının üzvlərini və məntəqə seçki komissiyalarının sədrlərini maraqlandıran sualları cavablandırmışlar.