İZVESTİYA AZƏRBAYCAN İZVESTİYA TEMATİK ƏLAVƏ
BAKI-TBİLİSİ-CEYHAN NEFT KƏMƏRİ
HEYDƏR ƏLİYEV YENİ AZƏRBAYCANIN MEMARIDIR
HEYDƏR ƏLİYEVİN AZƏRBAYCANA XİDMƏTLƏRİNİ VƏ ÖLKƏ ÜÇÜN ONUN ROLUNU KAMAL ATATÜRKÜN TÜRKİYƏ ÜÇÜN ROLU İLƏ MÜQAYİSƏ EDİRLƏR
Bakı-Tbilisi-Ceyhan ƏİBK boyunca 8 nasos stansiyası tikiləcəkdir.
Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycanın 13 inzibati rayonundan, 131 yaşayış məntəqəsindən, o cümlədən qəsəbə və kəndlərdən keçəcəkdir. Neft kəmərinin keçəcəyi dəhlizdə mülkiyyətin formasından asılı olaraq, 6672 torpaq sahəsi ayrılmışdır. Onların 567-i dövlətə, 1840-ı bələdiyyələrə məxsusdur, 4265-i isə fermerlərin mülkiyyətində və istifadəsindədir.
Bakıdakı Səngəçal terminalı mövcud dörd çənə əlavə olaraq, hər birinin həcmi 127 min kubmetr olan 2 yeni çənin tikilməsi hesabına genişləndiriləcəkdir.
Neft kəməri tam buraxıcılıq qabiliyyətinə çatdıqda borularda neft axınının surəti saniyədə 2 metr olacaq ki, bu da neftin Səngəçal terminalından Ceyhan terminalına 10 gün ərzində çatdırılmasını təmin edəcəkdir. Bakı-Tbilisi-Ceyhan boru kəmərinin Azərbaycan sahəsinin tikintisinin podratçısı Yunanıstanın Consolidated Contractors İnternational Company şirkətidir.
Gürcüstanda neft kəməri dərə-təpə yerlərdən keçəcək. Orada ən hündür yer (Gürcüstan ərazisində isə iki belə yer vardır) dəniz səviyyəsindən 2400 metr yüksəklikdədir. Gürcüstan sahəsinin podratçısı həm də hər iki ölkənin ərazisində nasos stansiyalarının tikintisi işlərinin podratçısı olan Spie Capag/Petrofaq şirkətidir.
Boru kəmərinin Türkiyə sahəsi, əsasən, Anadolu yaylasında dəniz səviyyəsindən 2 min metr yüksəklikdə olan ərazidən keçir. Ceyhan limanına 550 km qalmış dağ zirvələrinin hündürlüyü 2830 metrə çatır. Sonra Aralıq dənizi sahillərinə tərəf tədricən düzən ərazi başlayır.
Ceyhan terminalı hər birinin tutumu 300 min ton olan iki tankeri eyni vaxtda yükləyə biləcəkdir. Tankerlərin yüklənmə sürəti saatda 60 min barreldir. Tankerləri neftlə yükləmək üçün dənizdə, sahildən 2,5 km uzunluqda doldurma estakadası və körpü tikiləcəkdir. Ceyhan terminalının özündə isə 150,8 min kubmetr neft saxlamaq üçün nəzərdə tutulan yeddi çən tikilir.
Boru kəmərinin Türkiyə sahəsinin tikintisinin podratçısı bu ölkənin BOTAS şirkətidir.
Neft kəməri tikintisi layihəsinin iştirakçıları bp (30,1 faiz), ARDNŞ (25 faiz), Yunocal (8,9 faiz), Statoyl (8,71 faiz), TPAO (6,53 faiz), Eni (5 faiz), İtocu (3,4 faiz), ConocoPhillips (2,5 faiz), İNPEX (2,5 faiz), Total (5 faiz), Amerada Hess (2,36 faiz) şirkətləridir.
Fevralın 20-dək layihə 56 faiz yerinə yetirilmişdir. Hər üç ölkədə demək olar, 760 km uzunluqda tikinti dəhlizi hazırlanmış və 580 km-dən artıq boru düzülmüş və qaynaq edilməyə hazırdır, boru kəməri dəhlizində 270 km uzunluğunda xəndək qazılmış, 235 km uzunluğunda boru xəndəyə salınmış və onun 215 kilometri torpaqla örtülmüşdür. Hazırda hər üç ölkədə 17 yerdə tikinti işləri gedir.
Türkiyə və Azərbaycan hökumətlərinin boru kəmərinə və Ceyhan limanındakı terminala Heydər Əliyevin adının verilməsi haqqında qərarı onun türk dünyasında xidmətlərinin təsdiqinin təcəssümüdür. Bu qərar xeyli dərəcədə həm sovet, həm də vaxtilə Türkiyə Respublikasının atası Mustafa Kamalın etdiyi kimi, patriarxal-islam dünyasının bir çox xurafatlardan azad olan müstəqil milli dövlətin yaradılması ilə əlaqədardır.
Aleksey POTAPOV
Bu fikri indiki Azərbaycanın reallıqları ilə, azacıq da olsa, təmasda olanların hamısı təsdiq edir. Elə bədxahlar da. Əliyev nadir xarakteristikaya malik ölkəni moderləşdirməyə başladı. Bu, 8 milyonluq türkdilli əhalisi olan və 70 illik sovet tarixinə malik, əsasən, şiə ölkəsidir. Keçmişi Azərbaycana öz təsirini göstərməyə bilməzdi. Elə onun özü də bir siyasətçi kimi məhz o dövrdə, 1982-ci ildən 1987-ci ilədək Sov. İKP MK Siyasi Bürosunun üzvü olarkən formalaşmışdır. Lakin o vaxtkı Əliyevin əsas xidməti 1970-ci illərdə sovet Azərbaycanına rəhbərlik etdiyi dövrlə (Əliyev 1969-cu ildən respublika Kommunist Partiyası MK-nın birinci katibi idi) əlaqədardır. Həmin illərdə neft və maşınqayırma kompleksinin modernləşdirilməsini, istehsalın yeni texnoloji sahələrinin (kondisionerlər, radioelektronika zavodları) yaranmasını bu günədək də Əliyevin xidmətləri hesab edirlər. Elə həmin dövrdə boru kəmərləri şəbəkəsi və neft emalı sahələri inkişaf etməyə başlamışdır.
Azərbaycanın bir çox digər respublikalar üçün tipik olan postsovet dövrü 1990-cı ilin yanvarında ordu ilə faciəli toqquşmadan başlayır. Artıq o dövrdə Əliyev partiyadan çıxmış, rəsmi siyasətdən imtina etmiş və doğma Naxçıvana qayıtmışdı. Onun Azərbaycanda olmadığı müddətdə ölkə dezinteqrasiya və humanitar fəlakət həddinə çatmışdı. Hərbiləşdirilmiş dəstələr respublikada istədiklərini edir, hakimiyyəti dəfələrlə dəyişdirirdilər. Bir çox tərəfin iştirak etdiyi beynəlxalq hərbi münaqişəyə gətirib çıxarmış Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazisinin 20 faizini itirir. Azərbaycana reanimasiya olunmaq lazım idi. 1993-cü ilin yayında bu xaos ikicə ay da davam etsəydi, bu ölkədən yalnız tarix kitabları qalacaqdı. Belə böhranlı şəraitdə Heydər Əliyev əzmi, iradəsi və rəhbərlik etmək bacarığı sayəsində Azərbaycan cəmiyyətini öz ətrafında birləşdirməyə nail oldu.
Böhranlı vəziyyətdə yalnız dəmir iradəli və məhz belə nüfuz sahibi olan adam cəmiyyətdə sosial-siyasi tarazlıq yarada bilər. Bundan əlavə, Əliyev sərmayədarları Azərbaycanın inkişaf edəcəyinə və layihələrdə iştirakdan qazanc əldə edə biləcəklərinə inandırmaq üçün iqtisadiyyatı dirçəltməli idi.
Heydər Əliyevin köməyi və bəzən şəxsi iştirakı ilə çox qısa müddətdə 22 beynəlxalq neft müqaviləsi imzalamaq mümkün oldu.
Heydər Əliyevin 1997-ci il 5 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikası adından danışıqlar aparmaq, neft kəmərinin keçəcəyi ölkələrlə müqavilələr hazırlamaq səlahiyyətləri olan dövlət işçi qrupu yaradıldı. Elə o zaman aydın oldu ki, bu boru kəməri Şərq-Qərb enerji dəhlizinin əsasını təşkil edəcək və yeni yüzilliyin əvvəlində Cənubi Qafqazın ən iri layihəsi olacaqdır.
1997-ci ilin noyabrında Çıraq-1 platformasında ilkin neft hasilatı başlananda və xam neft Bakı-Novorossiysk şimal neft kəməri ilə dünya bazarına nəql olunanda, Gürcüstanda yeni ixrac neft kəmərinin tikintisi üzrə işçi qrupu yaradıldı. 1999-cu ilin aprelində Bakı-Supsa neft kəməri işə salındı.
1998-ci ildə Heydər Əliyev Ankarada Türkiyə və Gürcüstan prezidentlər ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisi barədə ilk Bəyannaməni imzaladı. Aparılan tədqiqatlar və danışıqlar Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin 1999-cu il noyabrın 18-də, ATƏT-in İstanbul zirvə toplantısı zamanı xam neftin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə nəql edilməsi haqqında hökumətlərarası saziş imzalamasına imkan verdi. Siyasi, diplomatik səylər sayəsində Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə prezidentləri həmin layihənin dəstəklənməsi və onun qısa müddətdə həyata keçirilməsi barədə bəyannamə imzaladılar.
Boru kəmərinin tkintisi və onun gələcəkdə istismarı üçün 2002-ci il avqustun 1-də Londonda Heydər Əliyevin xeyir-duası ilə “BTC Ko” şirkəti yaradıldı. Həmin il sentyabrın 18-də isə üç ölkənin prezidentlərinin və ABŞ-ın energetika naziri Spenser Abrahamın iştirakı ilə Səngəçal terminalında Bakı-Tbilisi-Ceyhan boru kəmərinin təməli qoyuldu və onun tikintisinə başlandı.
Bakı-Ceyhan layihəsinin maliyyə məsələlərinin həllində və bu prosesin başa çatmasında Heydər Əliyevin əvəzsiz xidmətləri var. Əliyev dünya maliyyə elitasını bu layihənin region üçün və bütövlükdə, Avropa üçün zəruri olduğuna inandıra bildi.
Heydər Əliyev dəqiq bilirdi ki, prezident kimi onun şəxsi fəallığı dünyanın ən iri maliyyə təsisatlarını və neft korporasiyalarını həvəsləndirəcəkdir. Azərbaycanın Beynəlxalq Valyuta Fondu üçün cəlbedici olması da onun bu fəaliyyətinin uğurundan asılıdır. Son nəticədə BVF Azərbaycanı Yoxsulluğun azaldılması və iqtisadi inkişafa yardım proqramına daxil etdi. Hazırda bu proqram çərçivəsində Azərbaycana 62 milyon dollar ayrılmışdır, 3 illik proqram çərçivəsində isə, ümumiyyətlə, 119 milyon dollar ayrılacaqdır. Təbiidir ki, bu vəsaitlər xüsusi proqramlara sərf olunacaqdır, lakin adi hesablamalar göstərir ki, bu adambaşına təxminən 14 dollardır.
Heydər Əliyev özündən sonra Xəzər hövzəsindəki bəzi qonşularından daha sabit, ən başlıcası isə, daha çox avropalaşmış bir cəmiyyət qoyub getmişdir. Əliyevin siyasətinin özünəməxsus səciyyəvi üsulu var idi, lakin bu siyasət həm Rusiya, həm də Avroatlantika birliyi ilə münasibətlərdə dialoqa və yeni meyllərə açıq idi. Bu faktı onun şəxsiyyətinə hörmət edən bütün liderlər vurğulamışlar.
Nəticədə, Azərbaycan haqqında “Jamestown Foundation”dan Vladimir Sokorunun sözlərini misal gətirmək olar: “Elə bir müsəlman ölkəsi göstərin ki, orada dünyəvi dövlət şəksiz milli seçim olsun, Qərbə meyllilik isə hakim elitanı, müxalifət partiyalarını və əhalini birləşdirən siyasi konsensusa əsaslansın. Transmilli neft şirkətləri, həqiqətən, populyar, İsraillə isə dostluq münasibətləri olsun. NATO-nun iştirakı alqışlanacaq, antiterror koalisiyasında iştirak isə milli mənafenin sinonimi hesab ediləcəkdir”. Bu siyahını başqa bir məqamla da gücləndirmək olar: Azərbaycanda çoxları hələ də rus dilində düşünür və danışır. Azərbaycanlılar 450-yə yaxın rusdilli məktəbi, bir çox rusdilli qəzetləri və digər informasiya mənbələrini qoruyub saxlamışlar. Rus mədəniyyəti yeni Azərbaycan dünyası ilə üzvi surətdə qovuşmuşdur, Azərbaycanlılar müasir Rusiyanın böyük şəhərlərinin iqtisadiyyatını inkişaf etdirməklə yanaşı, onun intellektual həyatını da zənginləşdirirlər.
AZƏRBAYCAN YENİ NORVEÇ OLACAQMI
İyirmi beş il bundan əvvəl xam neft ehtiyatları ilə bağlı müxtəlif fikirlər irəli sürülürdü. Həmin proqnozlara görə, bu ehtiyatlar artıq indi tükənməli idi. Lakin texnologiyalar inkişaf edir, yeni yataqlar kəşf olunur, kəşf edilmiş kiçik yataqlar isə daha qənaətcil üsullarla işlənilir. Yanacaq məsrəfini azaldan yeni texnologiyalardan istifadə edilir. Neft və qaz sənayesi işçiləri quyuların işlədilməsində itkiləri azaldır, hətta tankerlərin boş anbarlarında qalan qazı da yığırlar.
2001-ci ilin sonunda dünyanın sübut olunmuş neft ehtiyatları təxminən 138,5 milyard ton təşkil edirdi, 2004-cü ilin əvvəlində isə yer kürəsinin “anbarlarından” 189 milyard ton neft çıxarmaq mümkündür. İraqdan neftin ixracına başlanması ilə dünya bazarına əlavə olaraq gündə 500-600 min barrel yanacaq çıxarılacağı gözlənilir. ABŞ hökuməti hesab edir ki, işğal olunmuş ölkədən bu il ayda bir milyard dollar dəyərində neft ixrac ediləcəkdir.
Aleksandr KARAVAYEV
Bütün hədə-qorxulara və hərbi sarsıntılara baxmayaraq, ötən il neft bazarında ciddi dəyişikliklər baş vermədi. Bazar sabit olduğunu sübut etdi və “Neft-qaz vertikalı” jurnalının yazdığı kimi, uzun müddət ərzində bazara ayda orta hesabla 10 milyon ton az neft çıxarılsa da, dünyada neft hasilatı 4,1 faiz artaraq, son dörd ildəki ən yüksək səviyyəyə - 3,393 milyard tona çatmışdır. Dünyanın əsas neft ölkələri olan Səudiyyə Ərəbistanı və Rusiya hasilatı artırmışlar. Dünyanın neft ehtiyatları da artmışdır. Lakin bu, sahənin obyektiv meyllərini tam əks etdirmir. Bu artıma İranın bəzi regionlarında ehtiyatların qiymətləndirilməsində dəyişikliklər baş verməsi, məsələn, Kanadada, nədənsə, bitum qumlarının sübut edilmiş neft ehtiyatlarına aid edilməsi də səbəb olmuşdur. Bu ilin yanvar ayında Shell şirkəti ilə əlaqədar qalmaqal baş vermişdir: şirkətin ehtiyatlarından 4 milyard barrel neft “təsdiq edilmiş” kateqoriyasından “ehtimal olunan” kateqoriyaya keçirilmişdir. Shellin səhvi bütün sahə miqyasında ehtiyatların qeydiyyataalınma standartlarına yenidən baxmağa əsas verir və iri neft hasilatçılarının qlobal müstəqil auditor ekspertizasının keçirilməsi mümkündür.
DÜNYANIN KARBOHİDROGENƏ TƏLƏBATI
ARTACAQDIR
Beynəlxalq Enerji Agentliyinin məruzəsinə görə, 2004-cü ildə neftə tələbat gündə 79,6 milyon barrel olacaqdır. 2004-cü ilin əvvəlində dünyanın neft ehtiyatları 189 milyard ton təşkil etmişdir ki, bu da iki il əvvəlkindən təxminən 23 faiz çoxdur.
Neft ehtiyatlarının 40 faiz artması və onun 17 milyard tona çatması nəticəsində İran indi dünyada dördüncü, OPEK-in üzvü olan ölkələr arasında isə 2-ci yer tutur. İran təkcə neft ehtiyatlarının deyil, qaz ehtiyatlarının da 3,6 trilyon kubmetr artdığını bəyan etmişdir. Lakin bu ilin lideri Qətər olmuşdur. Burada supernəhəng North Field yatağı bazasında başlanmış layihələr sübut edilmiş ehtiyatların rəsmi qiymətləndirilməsini təxminən 2 dəfə qaldırmağa imkan vermişdir.
Azəri-Çıraq-Günəşli yataqlarının layihə təhlilinə görə, Azərbaycanda gün ərzində ehtimal olunan neft hasilatı bir milyon barrelə çatacaq ki, bu da Norveçdəki hasilatın üçdə birinə bərabərdir. Bəzi ekspertlərin fikrincə, Azərbaycan gələcəkdə həmin layihədən 21-28 milyard dollar gəlir əldə edəcək, bu isə respublikanın indiki büdcəsindən 16 dəfə çoxdur.
2003-cü ildə yeni qaz layihələrinin sayı birdən-birə xeyli artmışdır. 2003-cü ildə 170 milyard kubmetr qaz satıldığı halda, indi 350 milyard kubmetrə yaxın qazın mayeləşdirilməsi üçün yeni istehsal qurğularının yaradılması üzrə 34 layihə və 480 milyard kubmetr qazın qəbulu üçün terminalların tikintisinə dair 74 layihə işlənməkdədir.
Dünyada qaz hasilatı 3,8 faiz artmışdır. Niderland, Türkmənistan, Səudiyyə Ərəbistanı, Norveç və Rusiya dünyada qaz hasilatının 84 faizdən çoxunu verən 15 əsas dövlət arasında artım qeydə alınmışdır.
2010-CU İLDƏ SƏRMAYƏLƏR
20 MİLYARD DOLLARI KEÇƏCƏK
Azərbaycan Respublikası ərazisinin, təxminən 70 faizi çıxarıla bilən neft və qazın olması baxımından perspektivli hesab edilir. Xəzər dənizinin Azərbaycana aid hissəsində 140-a yaxın struktur aşkar edilmiş və işlənilmək üçün hazırlanmışdır. Qurudakı yataqların çox hissəsi “köhnə”, ehtiyatlarının çoxu çıxarılmış yataqlara aiddir. Lakin Azərbaycan çoxsaylı qərb şirkətlərini sərmayəçı kimi cəlb edə bilmiş cəmi bir necə keçmiş sovet respublikalarından biridir. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin proqnozlarına görə, 2010-cu ildə sərmayələrin həcmi 20 milyard dolları keçəcəkdir. Bu müqavilələrin əksəriyyəti dənizdəki yataqların işlənilməsi layihələri ilə bağlıdır. Azərbaycanda “Əsrin müqaviləsi”nin ardınca Qarabağ, Talış-Dəniz, Lənkəran-Dəniz, Şahdəniz, İnam və sair yataqların kəşfiyyatı və işlənilməsi barədə müqavilələr imzalanmışdır.
Hazırda qaz hasilatı baxımından Şahdəniz yatağı daha çox ümid verir. Norveçin Statoyl şirkəti Azərbaycanın bu qaz-kondensat yatağının kommersiya operatoru təyin edilmişdir. Şirkət qazın satışı, müqavilənin idarə olunması və yatağın biznes inkişafı ilə məşğul olacaqdır. Azərbaycan, Gürcüstan və Türkiyədəki bölüşdürücü şəbəkələr də daxil olmaqla, Cənubi Qafqaz qaz kəməri sistemi bu şirkətin səlahiyyətlərinə daxil ediləcəkdir.
Şahdəniz layihəsinin sərmayə büdcəsi (upstream and midstream) 3,2 milyard dollar təşkil edir və burada Statoylun payı 815 milyon dollardır. Norveç şirkəti yeni təşkil edilən Azərbaycan Qaz Hasilatı Şirkətinin (Azerbaijan Gas Supply Company - AGSC) operatoru olacaqdır. Şirkət ildə 8,4 milyard kubmetr qaz verməlidir. Bundan əlavə, hər il 14,6 milyon barrel kondensat hasil ediləcəkdir. Tikilməkdə olan Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə yanaşı, Bakıdan Gürcüstan ərazisi ilə Türkiyəyə 690 kilometrlik qaz kəməri də çəkiləcəkdir. Bu kəmər 2006-cı ildə fəaliyyətə başlayacaqdır. Layihə üçün boruların və digər avadanlıqların ilk partiyası artıq Azərbaycana gətirilmişdir.
Faza-1 mərhələsi başa çatdıqdan sonra yataqda qaz hasilatı iki dəfə artacaqdır. Şahdəniz yatağı Norveç dənizində “Norsk Hyudro”nun istismar edəcəyi Ormen–Lange şelf yatağından təxminən iki dəfə böyükdür.
Şahdəniz yatağının işlənilməsində Statoyl şirkəti ilə yanaşı, bp (bu şirkətlərin hər birinə səhmlərin 25,5 faizi düşür), ARDNŞ, TotalFinaElf, Naftiran, LukAgip (hərəyə səhmlərin 10 faizi) və Türkish Petroleum (9 faiz) şirkətləri də iştirak edir.
Şahdənizdən çəkiləcək boru kəməri sayəsində Türkiyə də Cənubi Avropanın mərkəzi qaz bölüşdürücüsü olacaqdır. Yaxın vaxtlarda Yunanıstanın qaz kəmərləri ilə birləşmənin gücü artacaq və Azərbaycandan qaz axını Avropa ölkələri daxilində qiymət siyasətinə təsir göstərəcəkdir. Avropa Birliyinin şərqə doğru genişlənməsi “mavi yanacağa” olan tələbatı artırır, eyni zamanda, mövcud ehtiyatların qismən azalacağı gözlənilir. Buna görə də Türkiyədə İran qazı ilə potensial rəqabət Azərbaycandan nəqletmə qiymətinə bir o qədər də təsir göstərməyəcəkdir.
“Biz neftdən əsas məqsədimizə nail olmaq, həqiqətən azad müstəqil dövlət olmaq üçün istifadə edirdik, bu məqsədimizə çatmışıq” İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
HEYDƏR ƏLİYEV ADINA BAKI-TBİLİSİ-CEYHAN NEFT KƏMƏRİ
Qazmaya hazırlanmış neft yataqları və quyular aşkar edilmiş, qazmaya hazırlanmış və kəşfiyyatda olanlar (cəmi141)
Miqdarı 6 20 15 1 9 17 44 4
0-60m 65-200m 200 metrdən dərin
Dənizin dərinliyi
Qazmaya hazırlanmışlar (cəmi 22)
Miqdarı 1 4 5 2 7 3
0-60m 60-200m 200 metrdən dərin
Dənizin dərinliyi
Aşkar edilmiş strukturlar (cəmi 113)
Miqdarı 5 14 8 1 7 8 64 4
0-60m 60-200m 200 metrdən dərin
Dənizin dərinliyi
Qazılmaqda olan strukturlar (cəmi 6)
Miqdarı 2 2 2
0-60m 60-200m
Dənizin dərinliyi
Abşeron arxipelağı Orta Xəzərin dərin hissəsi Xəzəryanı-Quba zonası
Bakı arxipelağı Cənubi Xəzərin dərin hissəsi
Mənbə: Azərbaycan Prezidentinin saytı
NÖMRƏ SƏHİFƏLƏNƏRKƏN
Türkiyə tərəfi boru kəmərinin öz ərazisindən keçən hissəsinin quraşdırma işlərini artıq bu ilin sonunadək başa çatdırmağı öhdəsinə götürmüşdür. Baş podratçı - Botaş şirkəti hər həftə həmkarlarına tikinti işlərinin gedişi barədə məlumat verir. Bundan əvvəl, yanvar ayında 2,5 min metrdən yüksək mürəkkəb dağlıq ərazidə və güclü şaxta nəticəsində yaranmış çətinliklərin işin sürətinə mənfi təsir göstərdiyi bildirilmişdi. Tikinti dəhlizində əvvəlcədən planlaşdırılmamış arxeoloji işlər haqqında da xəbərlər vardı. Hazırda tikinti işləri Türkiyə ərazisinin hər üç hissəsində heç bir maneə olmadan davam edir. Ceyhan terminalının dəniz sahəsində dayaqların quraşdırılması işinin üçdə bir hissəsi başa çatmışdır. Botaş şirkətindəki mənbə bildirmişdir: “Bütövlükdə, fevralın əvvəlinədək kəşfiyyat və materiallarla təchizat işləri 48 faiz, dəhlizin təmizlənməsi işləri 36 faiz, boruların düzülməsi 26 faiz yerinə yetirildiyindən, tikintinin ilin sonunadək başa çatacağını düşünürük”.
Bizansın və Mendeleyevin irsi
Əsrlər ötdükcə, qara qızıl hasilatı bir çox dövlətlərdə nikbinlik hissi doğurur. Bizanslılar neft doldurulmuş yandırıcı qumbaralardan tez-tez istifadə edirdilər.
Bu gün Heydər Əliyev adına neft kəməri Azərbaycanda ölkənin öz müstəqilliyini mümkün qədər yüksək iqtisadi mənfəətlə gerçəkləşdirmək imkanı kimi qiymətləndirilir. İlham Əliyev demişdir: ”Bu gün Azərbaycanda görülən iş dünyanın heç bir yerində görülmür. Yəni, heç bir ölkədə 1-2 il ərzində Bakı-Tbilisi-Ceyhan neft kəməri, eləcə də tikintisinə bu yaxınlarda başlanacaq Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi irimiqyaslı işlər görülmür”. Neftin boru kəməri ilə nəqli digər daşınma vasitələrinə nisbətən daha əlverişlidir.
Maqistral neft kəmərləri sistemi Azərbaycanda, Rusiyada və ümumiyyətlə, Avropada çoxdan yaranmışdır.
1863-cü ildə rus alimi Dmitri İvanoviç Mendeleyev, ilk dəfə olaraq, neftin və neft məhsullarının nəql edilməsində boru kəmərlərindən istifadə olunması ideyasını irəli sürmüş, boru kəmərinin tikintisi prinsiplərini izah etmiş və bu nəqliyyat növünün xeyrinə inandırıcı dəlillər gətirmişdir. 15 ildən sonra neftin Balaxanı yatağından Bakının neft emalı zavodlarına nəqli üçün Abşeron yarımadasında uzunluğu cəmi 12 kilometr, diametri 75 mm olan ilk neft kəməri istifadəyə verilmişdir. Boru kəmərinin layihəsini tanınmış rus mühəndisi V.Q.Şuxov hazırlamışdı. XIX əsrin sonlarında Bakı ətrafından çəkilmiş boru kəmərlərinin ümumi uzunluğu 230 kilometr, nəql olunan neftin illik həcmi isə 1 milyon ton təşkil edirdi.
Qafqaz XX əsrə iki neft boru kəməri ilə daxil olmuşdu:
İldə 900 min ton ağ neft nəql etmək üçün uzunluğu 833 kilometr, diametri 200 millimetr olan Bakı-Batumi (1896-1906-cı illər) boru kəməri;
İldə 700 min ton neft nəql etmək üçün uzunluğu 162 kilometr, diametri 200 millimetr olan Mahaçqala-Qroznı (1913-1914-cü illər) boru kəməri;
1917-ci ilədək ümumi uzunluğu 1300 kilometr, borularının orta diametri 197 millimetr olan neft kəmərləri çəkilmişdi. Lakin bu boru kəmərləri güclü dəmir yol nəqilyyatı sistemi ilə rəqabət apara bilmirdi. Belə ki, 1913-cü ildə daşınan bütün neftin ancaq 6 faizi Bakı-Batumi boru kəməri ilə nəql olunurdu.
1925-ci ildə uzunluğu 834 kilometr, diametri 250 millimetr olan, dizel mühərrikli sürgüqollu nasoslarla təchiz edilmiş 13 nasos stansiyasına malik Bakı-Batumi magistral neft kəməri layihələşdirilmiş və tikilmişdi.
AZƏRBAYCAN İLİN SONUNDA CEYHANDAN AVROPAYA
NEFT İXRACINA BAŞLAYACAQDIR
Heydər Əliyev yeni energetika strategiyasının təməlini qoymuşdur və neft kəməri layihəsi bu strategiyanın əsasını təşkil edir. 1994-cü ilin sentyabrında Bakıda “Gülüstan” sarayında Xəzərin Azərbaycan sektorundakı neft-qaz yataqlarının birgə islənilməsinə dair ilk müqavilə imzalanmışdır. Onu dərhal “Əsrin müqaviləsi” adlandırdılar. Bu da təsadüfi deyildir. Bu baxımdan Bakıdan 120 kilometr cənubda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” dəniz neft yataqlarının işlənilməsi layihəsinin xüsusi əhəmiyyəti vardır. Beynəlxalq ekspertlərin fikrincə, bu rayonda 5,4 milyard barrel çıxarıla bilən neft ehtiyatı toplanmışdır. Bu yataqlardan ən yüksək hasilat 2009-2010-cu illərdə gündə 1 milyon barrel təşkil edəcəkdir. 2005-ci ildə ilk neftin nəqlinə başlayanda hasilat gündə 400 min barrel olmalıdır.
Aleksandr KARAVAYEV,
Oleq SIQANOV
AZƏRBAYCANIN GÜLÜSTAN STRATEGİYASI
Xəzər dənizi neft hasilatına görə ən perspektivli regionlardan hesab olunur. ABŞ Dövlət Departamentinin ilkin hesablamalarına görə, qədim laylar və dərində yerləşən neft yataqları nəzərə alınmaqla, bu ehtiyatlar 30 milyard ton təşkil edir. Fransa-Belçika TotalFinaELF şirkətinin mütəxəssisləri ehtiyatların 150 milyard barrel olduğunu bildirirlər. Rusiya ekspertləri öz aralarında 7-8 milyard ton neft və 5,3 trilyon kubmetr qaz barədə razılığa gəlmişlər. Azərbaycan Dövlət Neft Şirkətinin tədqiqatları Şimal dənizindəki ehtiyatlar səviyyəsində - 17 milyard barrel karbohidrogen xammalı çıxarmağın mümkün olduğunu göstərir. Xəzər dənizindən çıxarıla bilən karbohidrogen ehtiyatlarının maksimum qiymətləndirilməsi 33 milyard barrel təşkil edir ki, bu da təqribən ABŞ-ın karbohidrogen ehtiyatlarına bərabərdir. 2000-ci ilin aprelində Şell şirkətinin vitse-prezidenti Kevin Qrehem demişdir: “Biz bu rayonu yeni Fars körfəzi” hesab etmirik. Lakin Xəzərin ehtiyatları Şimal dənizinin ehtiyatları ilə tam müqayisə oluna bilər.
Avrasiyanın daxilində yerləşən Xəzər dənizi, əslində, böyük potensial karbohidrogen ehtiyatlarına malik, lakin bu hələlik dünya bazarlarına birbaşa çıxışı olmayan qapalı hövzədir. Hazırda mövcud olan Bakı-Supsa və Bakı-Novorossiysk neft kəmərləri Türkiyə boğazları vasitəsilə Dünya okeanı ilə əlaqəsi olan yarıqapalı qitədaxili Qara dənizə çıxır. Lakin bu tranzit yolların xam neftin dünya bazarına çatdırılmasında bir sıra mühüm nöqsanları vardır. Onlardan başlıcası qəza nəticəsində dənizə neft axması ehtimalı, boğazlardan keçən tankerlərin tutumunun məhdudluğu, habelə Qara dənizin sərt iqlim şəraitidir – güclü qasırğalar ucbatından bu dənizin limanları ilin 100 günü işlək vəziyyətdə olmur. Bütün bunlar isə nəticə etibarilə xam neftin Xəzər hövzəsindən dünya bazarına nəql olunmasının səmərəliliyinə mənfi təsir göstərir. Azərbaycan nefti daşıyan tankerlər qışda 20-25 gün boğazlarda dayanır və təbii ki, bu da müqavilənin dəyərinə və ARDNŞ-in gəlirlərinin məbləğinə öz təsirini göstərir. Yanvarda bu itkilər hər gün 90 min dollar təşkil etmişdir.
Elə buna görə də Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəməri yuxarıda adı çəkilən boru kəmərinin əksinə olaraq, böyük strateji əhəmiyyət kəsb etməyə başlayır. Bakı-Tbilisi-Ceyhan marşurutu kommersiya baxımından daha sərfəli və əsaslı xərclərin rentabelliyi çərçivəsində daha təhlükəsiz olan və indinin özündə daşımalarının təhlükəli şəkildə artdığı Türkiyə boğazlarından yan keçən bir çox variantlar içərisindən seçilmişdir. “Britiş Petroleum”un hesablamaları göstərir ki, dünya bazarında xam neftin 1 barrelinin qiyməti hətta 15 dollara düşsə də, bu neft kəmərinin səmərəliliyi kommersiya baxımından rentabelli olacaqdır.
YENİ BORU KƏMƏRİNİN NEFT DƏLİLLƏRİ
Tatarıstanda və Şərqi Sibirdə yeni neft yataqları istifadəyə verilənə qədər Sovet İttifaqının neft hasilatında Azərbaycanın payı xeyli yüksək idi. Lakin 1980-ci illərin sonlarında SSRİ üzrə hasilatın 2 faizini verirdi. Bundan belə, artıq o vaxt Xəzərdə bir sıra perspektivli yataqlar aşkar edilmişdi. Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqları beynəlxalq konsorsium və ARDNŞ tərəfindən uğurla işlənilir. 2004-cü ildə Azərbaycan 15,45 milyon ton neft hasil etməlidir ki, onun da 6,7 milyon tonu “Çıraq”dan çıxarılacaqdır. İndiyədək Çıraq-1 platformasında 31 milyon ton neft hasil edilmişdir. “Azəri-Çıraq-Günəşli” yataqlarının genişmiqyaslı işlənilməsi üçün böyük iş görülür. ARDNŞ-in prezidenti Natiq Əliyevin sözlərinə görə, bu ilin sonunda “Azəri” yatağının mərkəzi hissəsində ilk neft çıxarılacaqdır. Mərkəzi Azəri platformasında 48 quyu olacaq, hər gün burada 400 min barrel xam neft texniki emaldan keçiriləcəkdir. Hazırda dayaq bloku, dirəklər və dayaq plitəsi qoyulmuşdur. Qazma qurğuları Fransada, Polşada və Norveçdə inşa edilib Bakıya gətirilmişdir. Birləşdirilmiş yaşayış bloku və hasilat platforması Azərbaycanda yığılır və quraşdırılır. Mərkəzi Azəri platformasında ilk neftin çıxarılması ilə əlaqədar sahilə qədər 187 kilometr uzunluğunda 30 düymlük sualtı neft kəməri çəkilmişdir. 28 düymlük qaz kəməri tikintisinin isə bu ilin birinci rübünün sonunda başa çatdırılacağı gözlənilir. Bakı dərin dəniz özülləri zavodunda Azəri platformasının üst modullarının tikintisi 70 faiz yerinə yetirilmişdir, bu ilin iyulunda isə onlar dayaq blokuna quraşdırılacaqdır. Qərb və Şərq platformaları tikildikdən sonra “Azəri” yatağı tammiqyaslı işləniləcəkdir. İlk neftin Mərkəzi Azəridə 2004-cü ilin dördüncü rübündə, Qərbi Azəridə - 2006-cı ilin ikinci rübündə, Şərqi Azəridə isə 2007-ci ilin ikinci rübündə çıxarılacağı gözlənilir.
BAKI-CEYHAN NEFT KƏMƏRİ NADİR TEXNİKİ QURĞUDUR
Bu kəmərdə mühəndis və konstruktor fikrinin son nailiyyətləri təcəssümünü tapmışdır. Dəhlizin Türkiyə hissəsində sərt iqlim şəraitini xüsusi qeyd etmək lazımdır. Qışda burada Selsi ilə mənfi 30 dərəcəyədək şaxta olur.
Bakı-Tbilisi-Ceyhan layihəsi aşağıdakı sxem üzrə həyata keçirilirdi: marşrut seçilmiş, sonra isə dəhlizlərin müəyyənləşdirilməsi işləri aparılmışdır. Özü də əvvəlcə 10 kilometrlik dəhliz seçilmiş, sonra bu dəhlizin içərisində 500 metrlik dəhliz müəyyən edilmişdir, daha sonra dəhliz 100 metrədək daraldılmış və nəhayət, tikinti dəhlizi 22 metr müəyyən edilmişdir.
Neft boru kəmərinin diametri aşağıdakı hədlərdə dəyişir: borunun diametri Azərbaycan ərazisində 42 düym, Gürcüstanda 46 düym, Türkiyədə 34-42 düym olacaqdır. Ətraf mühitin qorunması baxımından kəmərin keçəcəyi yerlərin xüsusiyyətindən asılı olaraq, boruların qalınlığı 8,74 millimetrdən 23,8 millimetrədək dəyişəcəkdir. Seysmik cəhətdən fəal zonalarda daha qalın borular düzülməsi nəzərdə tutulmuşdur.
` Neft kəmərinin korroziyaya davamlılığı təmin edilmişdir. Bunun üçün betonlaşdırılmış borulardan, katot müdafiəsindən istifadə olunur, habelə borulara yüksək davamlılığa malik üçqat polietilen təbəqə çəkilir. Kəmər tam gücü ilə işləyəndə borularda neft axınının sürəti saniyədə 2 metr olacaq ki, bu da neftin Səngəçaldan Ceyhan terminalına 10 gün ərzində çatdırılmasını təmin edəcəkdir.
Səngəçalda inşa edilmiş terminal dünyada tikilmiş bu tipli terminalların ən böyüklərindən biri olacaqdır. Bu terminalın genişləndirilməsi ilə bağlı aparılan tikinti işləri 2002-ci ilin yanvarında başlamışdır. İşlər başa çatdıqdan sonra terminalın sahəsi 540 hektar təşkil edəcək və burada hər gün 1,2 milyon barrel xam nefti saxlamaq və texniki emaldan keçirmək mümkün olacaqdır. Hazırda nəzərdə tutulmuş işlərin 80 faizi yerinə yetirilmişdir. Bu ilin üçüncü rübündə terminal istismara hazır olacaqdır.
LAYİHƏNİN EKOLOJİ ƏSASLANDIRILMASI
VƏ MARŞRUT BOYUNCA SOSİAL PROQRAMLAR
Ətraf mühitin qorunması məsələsi də diqqət mərkəzindədir. Nəqliyyatla bağlı bir çox iri layihələr, xüsusilə karbohidrogen xammalının hasilatı ilə bağlı olan layihələr onların təbiətə təsiri nəzərə alınmadığına görə müvəfəqqiyyətsizliyə uğramışdır. Bakı-Tbilisi-Ceyhan layihəsinin iştirakçıları lap əvvəldən bu cür böyük miqyaslı tikintinin mənfi nəticələrini nəzərə almışlar. Ekoloji təşkilatlar marşurutun keçdiyi sahələrdə mütəmadi olaraq monitorinq keçirir.
“Azərbaycan yaşıllar hərəkatı” belə bir məqamı olduqca müsbət qiymətləndirirlər ki, bu boru kəməri bütün məsafəsi boyunca yerin altı ilə, kənar müdaxilə baxımından təhlükəsiz dərinlikdə çəkiləcəkdir. Bundan əlavə, AYH bu məqamı ərazilərin, hər şeydən öncə, Qobustan dövlət tarixi mədəniyyət qoruğunun təbii landşaftının qorunub saxlanılması cəhdi kimi qiymətləndirir. Çünki bu, Azərbaycanın xüsusi mühafizə edilən ərazisidir və onun statusu ölkə Konstitutsiyası ilə qorunur.
Odur ki, boru kəmərinin qoruq ərazisindən keçən hissəsi cəmi 900 metr olacaqdır.
Bundan əlavə, boru kəmərinin yolların, çayların altından keçməsinin, yaşayış məntəqələrinin yaxınlığında isə hər hansı təsərrüfat işləri nəticəsində təsadüfi zədələnmələrdən qorunması üçün daha dərindən çəkilməsinin planlaşdırılması çox müsbət qarşılanır.
Azərbaycanın Yaşıllar Hərəkatı boru kəmərinin yaşayış məntəqələrinin ərazisindən keçməməsini də alqışlayır. Azərbaycan ərazisinin sıx məskunlaşması nəzərə alınaraq, müxtəlif yaşayış məntəqələrinin boru kəmərinin təsirinə məruz qalmaması marşrutu layihəsi hazırlanarkən əldə olunmuş böyük nailiyyət kimi qiymətləndirilir.
Faunanın və hazırda kökü kəsilməkdə olan Qafqaz qonur ayısının mühafizəsinə dair xüsusi proqram üçün 250 min dollar məbləğində vəsait ayrılmışdır.
Sosial- humanitar yardım proqramı təkcə Qafqazda deyil, həm də bütün MDB məkanında tamamilə yeni təcrübədir. Beynəlxalq konsorsium insanların əmək hüququ, sosial müdafiəsi və yaşayış səviyyəsi sahəsində yeni standartlardan istifadə etmək təklifini irəli sürmüşdür, özü də bu proqramlar təkcə neft kəməri marşrutu ətrafındakı qəsəbələrə və kəndlərə deyil, həm də layihədə iştirak edən ölkələrin regionlarına aiddir. Kollektivləşmə və Stalin repressiyaları dövründən bəri Qafqazda belə miqyasda işlər olmamışdır. Marşrut boyundakı 450 kəndin hamısında 30 min torpaq sahibi və torpaq istifadəçisi ilə məsləhətləşmələr aparılmışdır. Hər bir ölkədə onlarca məqsədli proqram - məktəblərin təmiri, yolların bərpası, kiçik və orta biznesə yardım, su təchizatının təşkili həyata keçirilmişdir. Boru kəmərinin təkcə Gürcüstan hissəsində 53 infrastruktur layihəsi işə salınacaq, 8 milyon dollar vəsait sərf olunacaqdır. Bu isə yerli reallıqlar baxımından heç də kiçik məbləğ deyildir.
MƏSƏLƏNİN QİYMƏTİ REGİONUN FİRAVANLIĞI VƏ SABİTLİYİDİR
Devid Vudvordun dediyi kimi, BTC layihəsinin və Cənubi Qafqaz boru kəmərinin həyata keçirildiyi 3 ildən artıq vaxt ərzində biz obyektlərimizin yaxınlığındakı yaşayış məntəqələrinə və ətraf mühitə birbaşa xeyir vermək üçün təxminən 40 milyon dollar xərcləməyi nəzərdə tutmuşuq.
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin prezidenti və “bp-Azərbaycan” şirkətinin başçısı bu sözləri superlayihənin maliyyələşdirilməsinə dair sazişin imzalanma mərasimində demişdir.
Sonra kredit ayrılmasını tənzimləyən bir sıra sazişlər imzalanmışdır. Kredit faizləri də daxil olmaqla, alınan borcun ümumi məbləği 2,6 milyard dollar təşkil edəcəkdir.
Bakı-Ceyhanın tikintisi üçün bütövlükdə 2,95 milyard dollar tələb olunur. Layihəni 8 ixrac-kredit agentliyi, Beynəlxalq Maliyyə Korporasiyası (BMK), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), habelə 15 özəl bankı birləşdirən bank sindikatı maliyyələşdirilir.
Ümumilikdə, layihə üçün kreditləri 4 qrup ayırır. Birinci qrupa AYİB və BMK kimi beynəlxalq maliyyə təşkilatları daxildir, onlar, ümumilikdə, 500 milyon dollar ayıracaqlar (hər biri öz vəsaitlərindən 125 milyon dollar ayırır. Eyni məbləği sindikatlaşdırılmış kreditin təşkilatçıları da təqdim edir).
İkinci qrupa ABŞ-dan, Böyük Britaniyadan, Yaponiyadan, Almaniyadan, İtaliyadan və Fransadan material və avadanlıq gətirilməsini maliyyələşdirən banklara zəmanət verəcək ixrac-kredit agentlikləri daxildir.
Üçüncü qrupa 1,2 milyard dollar ayıracaq 15 bankdan ibarət sindikat aiddir. BTC-nin maliyyələşdirilməsi üzrə beynəlxalq sindikata Yaponiyanın Mizuho, Fransanın Societe Generale, Hollandiyanın ABN Amro və ABŞ-ın Citicorp bankları başçılıq edir. Sindikata həmçinin Banca İntesa, BNP Paribas, Credit Agricole İndosuez, Dexia, Hypovereinbank, İNG, KBC, Natexis Banque Populaire, San Paolo İMİ, West LB və Royal Bank of Scotland daxildir. Hər bir bank təxminən 68 milyon dollar ayırmışdır.
Borcverənlərin dördüncü qrupuna layihənin sərmayədarları - bp, Statoyl, Total, ConocoPhillips kimi iri şirkətlər daxildir. Onlar, ümumilikdə, 800 milyon dollar verəcəklər.
Avropa ölkələri artıq uzun müddətdir ki, Azərbaycanın xammal layihələrinə maraq göstərirlər. İngilis şirkətləri Xəzərdə hələ birinci neft bumunda iştirak etmişdilər. O zaman, 1872-ci ildə Azərbaycan neft mədənlərinin ilk özəlləşdirilməsi keçirilmişdi. Bu gün bp-nin simasında Azərbaycan neftçiləri ilə əməkdaşlıq Böyük Britaniya üçün həyati əhəmiyyətli məsələdir. Sovet dövründən sonrakı ilk neft müqaviləsi keçmiş Baş nazir Marqaret Tetçer kimi sanballı siyasi xadim tərəfindən dəstəklənmişdir. Bunun üçün o, 1992-ci ildə məxsusi olaraq Bakıya gəlmişdi.
Tanınmış siyasətçilərin nümayəndələri və aparıcı şirkətlərin top-menecerləri demək olar, hər həftə Azərbaycana gəlirlər. Ötən həftə Britaniya şahzadəsi Maykl Bakıya gəlmişdi. O, burada “görülmüş işlərlə tanış olmaqdan məmnun qaldığını bildirdi. Yeni iş yerləri açılmışdır ki, bu da əhalinin həyat səviyyəsini yüksəltməyə imkan verəcəkdir”. İşsizlik problemi Yaxın və Orta Şərqin bir çox ölkələri üçün başlıca problemdir. Odur ki, Azərbaycanın təcrübəsi digər müsəlman ölkələri üçün də yaxşı iqtisadi uğur nümunəsi ola bilər.
LAYİHƏNİN ƏSAS SƏRMAYƏÇİLƏRİNİN İŞTİRAK PAYI
İNPEX 2,5 % Total 5%
ConocoPillips 2,5 % Amerada Hess 2,36 %
İtochu 3,4 % bp 30,1 %
Eni 5 % ARDNŞ 25%
TPAO 6,53 %
Statoyl 8,71%
Unocal 8,9 % Mənbə: Azərbaycan Prezidentinin saytı
AZƏRBAYCANDA NEFT HASİLATINA DAİR PROQNOZ
Min ton
Bütövlükdə, Azərbaycan üzrə
Birgə işlənilən obyektlər üzrə
Bütövlükdə, Azərbaycan üzrə
Xarici firmaların payı çıxılmaqla
İşlənilməkdə olan yataqlar üzrə
İllər
Mənbə: Azərbaycan Prezidentinin saytı
Xəritə sözləri
Ankara
Ceyhan
Qara dəniz
TÜRKİYƏ
Nalçik
GÜRCÜSTAN
Tbilisi
Yerevan
Xəzər dənizi
AZƏRBAYCAN