JAN-POL KOSTA AZƏRBAYCANIN AVROPA QURUMLARI İLƏ ƏMƏKDAŞLIĞINI YÜKSƏK QİYMƏTLƏNDİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, Bakıda səfərdə olan Avropa İnsan Hüquqları Məhkəməsinin sədri Jan-Pol Kosta mayın 3-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşmüşdür.
Avropa İnsan Hüquqları Məhkəməsinin daxil olan şikayətlərin və qaldırılan məhkəmə proseslərinin sayının artdığından müəyyən çətinliklərlə üzləşdiyini və üzv dövlətlərin dəstəyinə ehtiyac yarandığını vurğulayan Jan-Pol Kosta, Azərbaycan ilə də bu istiqamətdə əməkdaşlığın vacib olduğunu bildirmişdir. Qonaq Azərbaycanın çox maraqlı coğrafi məkanda yerləşməsini, sürətli iqtisadi inkişafını, Avropa qurumları ilə yaxın əməkdaşlığını yüksək qiymətləndirmişdir.
Nazir E.Məmmədyarov Avropa institutlarına inteqrasiyanın Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən olduğunu və Avropa İnsan Hüquqları Məhkəməsinin də ölkədə məhkəmə islahatlarının keçirilməsində rol oynaya biləcəyini xüsusi qeyd etmişdir.
Nazir, həmçinin hələ də həllini tapmamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs etmiş, qonşu dövlətin ölkəmizə təcavüzünün Ermənistanın Avropa institutları qarşısında üzərinə götürdüyü öhdəliklər və Avropa davranış kodeksi ilə bir araya sığmadığını diqqətə çatdırmışdır. E.Məmmədyarov Ermənistanın yeni rəhbərliyini münaqişənin tez bir zamanda həllinin onlar üçün faydalı olduğuna inandırmağın vacibliyini qeyd etmiş, beynəlxalq təsisatların bu məsələdə yardımlarının gərəkli olacağını vurğulamışdır.
Görüşdə habelə, demokratik təsisatlarla əməkdaşlıq, qanunun aliliyi, demokratik dəyərlərin möhkəmləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunmuşdur.