İDMAN
Jurnalistlər arasında velosiped yarışı üzrə “Media Kuboku” keçiriləcək
Bakı, 16 iyul (AZƏRTAC). Azərbaycan Velosiped İdmanı Federasiyası 22 iyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlər velosiped yarışı üzrə “Media Kuboku” təşkil edəcək.
Azərbaycan Velosiped İdmanı Federasiyasından AZƏRTAC-a bildiriblər ki, iyulun 23-də saat 10:00-da Veloparkda start götürəcək yürüşdə təkcə idman jurnalistləri deyil, həmçinin digər sahələrdən yazan müxbirlər, eləcə də fotoqraf və videooperatorlar da iştirak edə bilər.
Qeydiyyat iyulun 23-də saat 9:00-da Veloparkda başlanacaq. Velosipedi və baş geyimi olmayan iştirakçılar müvafiq ləvazimatlarla təmin olunacaq. Yarışda ilk 3 yeri tutmuş iştirakçılar Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən qiymətli hədiyyələrlə təltif ediləcək.
“Media Kuboku”nda iştirak etmək istəyən mətbuat nümayəndələrindən xahiş olunur ki, iyulun 22-dək şəxsiyyət və iş vəsiqələrinin surətini, həmçinin əlaqə nömrələrini [email protected] ünvanına göndərsinlər. Maraqlananlar (012) 5667488 nömrəli telefona zəng edərək mətbuat xidməti ilə əlaqə saxlaya bilər.