Kapital bazarları üzrə master-klass keçirilib
Bakı, 22 aprel, AZƏRTAC
Bakı Fond Birjasının (BFB) "Bilik mübadiləsi" proqramı çərçivəsində ADA Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində "Qlobal kapital bazarları" mövzusunda master-klass təlimləri təşkil olunub.
BFB-dən AZƏRTAC-a bildirilib ki, təlim ərzində Yaxın Şərq, Afrika, Rusiya, Ukrayna, Qazaxıstan, İsrail və Türkiyə qiymətli kağızlar bazarları üzrə mütəxəssis Günsel Topbaş tərəfindən qiymətli kağızların növləri, inkişaf etmiş ölkələrdə fond bazarlarının arxitekturası, inkişaf tendensiyaları barədə nəzəri və praktiki biliklər tədris edilib.
Təlimlər ali təhsil müəssisələri və tədqiqat institutlarında kapital bazarlarına dair praktiki biliklərin təşviqi məqsədi daşıyır. Auditoriyada iqtisadiyyat və maliyyə ixtisasında təhsil alan tələbələr və müvafiq tədris heyəti iştirak edib.