“Kəpəz” Peşəkar Futbol Klubunun kollektivi Gəncə Uşaq Evini ziyarət edib
Gəncə, 28 dekabr, Rauf Hacıyev, AZƏRTAC
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə “Kəpəz” Peşəkar Futbol Klubunun üzvləri Gəncə Uşaq Evini ziyarət ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, uşaq evinin sakinləri qonaqların qarşısında “Qış nağılı” adlı musiqili-əyləncəli proqramla çıxış ediblər. Maraqlı süjet xətti və mahnılarla zəngin olan Yeni il ovqatlı kompozisiya futbol klubunun üzvləri tərəfindən maraqla qarşılanıb.
Klubun baş məşqçisi Etibar İbrahimov kollektiv adından uşaqları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. O, uşaq evinə gəlməyin vətəndaşlıq borcu olduğunu bildirib, belə görüşlərin tez-tez keçiriləcəyini deyib.
Görüşün sonunda balacalara hədiyyələr, klubun şərfləri və toplar təqdim olunub.