KEŞLƏ QƏSƏBƏSİ ABADLAŞIR
Bakı, 26 yanvar (AZƏRTAC). Keşlə qəsəbəsində əhalinin sayı 42 min nəfərdir. Sakinlər qəsəbənin ərazisinin abadlaşdırılması üçün müntəzəm keçirilən iməciliklərdə yaxından işrirak edirlər. Buradakı uşaq bağçasının istiliklə təmin edilməsi üçün müasir tipli qazanxana inşa edilmişdir. Həmin qazanxanadan 2 beşmərtəbəli yaşayış binasına da istilik veriləcəkdir. N.Abdullayev, M.Ağayev və Qafqaz küçələrində kanalizasiya xəttinin çəkilməsi işi başa çatdırılmışdır. Ərazidə qanunsuz küçə ticarətinin, torpaqların qanunsuz olaraq zəbt olunmasının, qeyri-qanuni tikinti işləri aparılmasının qarşısının alınması üçün tədbirlər görülmüşdür. Bununla əlaqədar müntəzəm olaraq reydlər keçirilir, aşkar olunmuş qanun pozuntuları aradan qaldırılır.
Bu faktlar Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi Qara Qarakişiyevin məruzəsində səsləndirilmişdir.
Q.Qarakişiyev daha sonra məlumat vermişdir ki, qəsəbədə sahibkarlığa qayğı güclənmiş, istehsal müəssisələrinin fəaliyyəti bərpa olunmuşdur. Nəticədə 619 yeni iş yeri açılmışdır. Əhaliyə rabitə xidmətinin yaxşılaşdırılması üçün qəsəbədə 4600 nömrəlik ATS, yeni poçt binası tikilib istifadəyə verilmiş, 32 saylı şəhər xəstəxanası, uşaq poliklinikası, mədəni-tarixi abidə olan Şah Abbas məscidi əsaslı təmir olunmuşdur. Qəsəbənin qaz təchizatının yaxşılaşdırılması üçün köhnəlmiş qaz xətləri yeniləri ilə əvəz edilmiş, mənzillərdə elektrik sayğaclarının quraşdırılması işi başa çatdırılmışdır.
Məruzəçi və çıxış edənlər problemlərdən də söz açmış, onların aradan qaldırılması üçün təkliflər vermişlər.
Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov Azərbaycan Prezidenti İlham Əliyevin regionların inkişafına göstərdiyi diqqət və qayğıdan danışmış, qarşıda duran vəzifələri xatırlatmışdır. Bildirmişdir ki, dövlətimizin başçısının rəhbərliyi altında əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün bundan sonra da lazımi tədbirlər görüləcəkdir.