CƏMİYYƏT
“Kiber gənclər” düşərgəsi başa çatmışdır
Bakı, 13 sentyabr (AZƏRTAC). Sentyabrın 13-də Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Nur” Uşaq və Gənclərin İctimai Birliyi (UGİB) tərəfindən Bakı şəhərindəki “Cırtdan” Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində təşkil edilmiş “Kiber gənclər” düşərgəsi başa çatmışdır.
“Nur” UGİB-dən AZƏRTAC-a bildirmişlər ki, sentyabrın 10-da düşərgənin açılış mərasimində gənclər və idman nazirinin müavini İntiqam Babayev, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Təhsil Nazirliyinin şöbə müdiri Ağababa İbrahimov iştirak etmişlər. Düşərgənin başlıca məqsədi internetin təklif etdiyi sonsuz imkanlardan düzgün yararlana bilmək üçün gənclərin zəruri biliklərinin artırılması olmuşdur.
Düşərgədə 15-18 yaşlı 40 gənc üçün informasiya və telekommunikasiya texnologiyaları və sosial şəbəkələrlə bağlı təlimlər keçirilmişdir. Təlimlər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşı Leyla Şərifova, yazıçı-kulturoloq Aydın Xan Əbilov və “Web Studio” şirkətinin rəhbəri Cahid İsmayıloğlu tərəfindən aparılmışdır.
Eyni zamanda, Milli Məclisin deputatı Fuad Muradov və radio aparıcısı Dj Fateh düşərgədə olmuş və sosial şəbəkələrdən istifadə ilə bağlı gənclərlə şəxsi təcrübələrini bölüşmüşlər.
Düşərgənin son günü gənclər Twitter şəbəkəsində azərbaycanlı gənclər üçün unikal bir məkan yaratmaq təşəbbüsünü irəli sürmüşlər.
Düşərgə iştirakçıları diplomlarla təltif olunmuşlar.