Kitabxanada “Böyük qələbəyə gedən mübariz yollar” adlı dəyirmi masa təşkil edilib
Bakı, 7 may, AZƏRTAC
Mayın 7-də Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında alman faşizmi üzərində qələbənin 74-cü ildönümünə həsr olunmuş “Böyük qələbəyə gedən mübariz yollar” adlı dəyirmi masa keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbir İkinci Dünya müharibəsi illərində həlak olanların əbədi xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra başlayıb.
Tədbirdə kitabxananın direktoru Oruc Quliyev bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalan İkinci Dünya müharibəsi barədə geniş məlumat verdi.
Bildirilib ki, İkinci Dünya müharibəsi Azərbaycan xalqının fədakar, qəhrəman, cəsarətli olmasını bir daha sübut edib. Bu müharibədə şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri yaddaşlardan silinmir, bu qəhrəmanlıq gənc nəslə vətənpərvərlik nümunəsidir.
Sonunda “Böyük qələbə-74” adlı kitab sərgisinə baxış keçirilib.