İQTİSADİYYAT
KOBİA kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edib
![KOBİA kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edib](/files/2022/2/1200x630/1651767548908710120_1200x630.png)
Bakı, 5 may, AZƏRTAC
Mayın 18-20-də Bakı Ekspo Mərkəzində 15-ci “Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı” və 27-ci “Azərbaycan Beynəlxalq Qida Sənayesi” sərgiləri keçiriləcək.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, sərgilərdə müxtəlif kənd təsərrüfatı məhsulları, meyvə-tərəvəz, qənnadı, ət və ət məhsulları, şirələr, çaylar, süd və süd məhsulları, tütün və digər məhsullar, eləcə də meyvə-tərəvəz emalı üçün avadanlıqlar nümayiş olunacaq. Sərgilər dünyanın müxtəlif ölkələrindən kənd təsərrüfatı üzrə idxalçıları, ixracatçıları, distribüterləri, topdan və pərakəndə satış təmsilçilərini, aparıcı istehsalçıları bir araya gətirəcək.
Sərgilərdə məhsullarını təqdim etmək istəyən mikro, kiçik və orta biznes subyektləri (KOB) müvafiq formanı dolduraraq mayın 10-dək KOBİA-ya müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1.
KOB-ların bazarlara çıxışının genişləndirilməsinə və satışına dövlət dəstəyinin təmin olunması məqsədilə KOBİA-nın stendində sahibkarlar üçün ödənişsiz yer ayrılacaq, sərgilər çərçivəsində onların biznes əlaqələrini genişləndirməsi üçün görüşlərin təşkilinə dəstək göstəriləcək.