İQTİSADİYYAT
KOBİA sədri: Azərbaycanda Pakistandan çoxlu sayda şirkətlərin fəaliyyət göstərməsini istəyirik
Bakı, 16 sentyabr, AZƏRTAC
Azərbaycan və Pakistanı dərin dostluq, strateji əməkdaşlıq və qarşılıqlı hörmət əlaqələri birləşdirir.
AZƏRTAC xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən Azərbaycan-Pakistan biznes forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu il iki ölkənin iş birliyi baxımından əhəmiyyətli olub.
“Azərbaycan Prezidentin Pakistana yaxın dövlət səfəri çərçivəsində Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Pakistanın Kiçik və Orta Sahibkarlığın İnkişafı İdarəsi arasında Anlaşma Memorandumu imzalanıb. Biz həmçinin İslamabadın Kiçik Biznes və Sənayeçilər Palatası və Pakistan Ticarət və Sənaye Palataları Federasiyası ilə qurumlararası səviyyədə, biznes icmalarımızın maraqları naminə qarşılıqlı fayda əldə etmək üçün tərəfdaşlığı genişləndirməyə ümid edirik. KOBİA olaraq biz Azərbaycanda Pakistandan çoxlu sayda şirkətlərin fəaliyyət göstərməsini istəyirik. İşğaldan azad edilmiş ərazilərdə biznes təşəbbüslərinin həyata keçirilməsi üçün böyük potensial var. KOBİA yeni təşəbbüsləri nəzərdən keçirməyə və əlaqələndirməyə hazırdır. Fürsətdən istifadə edərək bildirmək istərdim ki, biz cari ilin oktyabrın 8-9 Birinci Azərbaycan Halal Biznes Forumu keçirəcəyik. Mən Pakistan şirkətlərini bu tədbirə qatılmağa dəvət edirəm”, - deyə Orxan Məmmədov əlavə edib.