KÖÇKÜNLƏR ÜÇÜN YENİ SALINMIŞ QƏSƏBƏLƏR SAKİNLƏRİNİ QƏBUL EDİR
“Biləsuvar rayonu ərazisində yerləşən beş çadır düşərgəsində məskunlaşmış məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 may 2002-ci il tarixli Fərmanına əsasən Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına salınmış qəsəbələrdə köçkünlərin məskunlaşdırılması prosesi davam edir. Məlum olduğu kimi, beş çadlır şəhərciyində yaşayan 3 min 719 ailə üçün Füzulinin Haramı ərazisində 1211 ailəlik 6 qəsəbə, Biləsuvar rayonunda dövlət torpaq fonduna məxsus ərazidə isə 2 min 508 ailəlik 13 qəsəbə salınmışdır. İyulun 4-də məcburi köçkün ailələrin növbəti dəstəsi yeni qəsəbələrə köçürülmüşdür. Haramıdakı altı qəsəbəyə Füzuli rayonundan olan məcburi köçkünlər köçürülürlər. Bu qəsəbələrin salınması üçün 127 milyard manat vəsait xərclənmişdir. Onların hər birində 50 yerlik uşaq bağçası, 194 yerlik məktəb, 100 nəfərlik mədəniyyət evi, hamam, feldşer-mama məntəqəsi, 1 qəsəbədə isə 50 yerlik xəstəxana tikilmişdir. Qəsəbələr elektrik enerjisi, içməli su ilə tam təmin edilmiş, onlara yol çəkilmişdir. Mənzil alan hər bir ailəyə 0,12 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. Çadır şəhərciklərinin ərazisi tam təmizləndikdən sonra isə daha 2 hektar torpaq sahəsinin onlara verilməsi nəzərdə tutulmuşdur. Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev AZƏRTAC-ın müxbirinə demişdir ki, Füzuli köçkünlərindən sonra növbə cəbrayıllılarındır. Onlar Biləsuvar ərazisində salınmış 13 qəsəbədə məskunlaşacaqlar. Burada 12 min nəfər cəbrayıllı üçün 529 birotaqlı, 935 ikiotaqlı, 899 üçotaqlı, 205 dördotaqlı evlər tikilmişdir. ... Doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız yeni qəsəbələrə minnətdarlıq hissi ilə köçürlər. Yeni qəsəbələrdə yeni iş yerləri də açılacaqdır. Xüsusilə kənd təsərrüfatı məhsulları istehsal etmək istəyənlər üçün əlverişli şərait yaradılmışdır. Araz çayından kəmərlər çəkilmiş, lay sularının yığılması üçün əlavə drenajlar yaradılmışdır. Yeni qəsəbələrin sakinləri görülən işləri onların sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dövlətin, Azərbaycan Prezidenti Heydər Əliyevin qayğı və diqqətinin daha bir təzahürü kimi qiymətləndirmişlər. Onlar ölkəmizin Prezidentinin sülhsevər siyasətini dəstəklədiklərini bir daha bəyan etmişlər. Dövlətqaçqınkomun nümayəndəsi Elman İsmayılov bildirmişdir ki, bu qəsəbələr ailə içərisindən formalaşmış ailələr üçün nəzərdə tutulmuşdur. Onların məcburi köçkün statusu saxlanılır.